Gürcüstan həbsxanalarında 151 nəfər Azərbaycan vətəndaşı saxlanılır.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ötən ilin dekabr ayı üzrə hesabatından məlum olur.
2025-ci ilin noyabr ayının göstəricisi ilə müqayisədə say 10 nəfər artıb.
Azərbaycan vətəndaşlarının 43-ü kişi, 2-si qadın olmaqla 45-i ittiham edilən, 91-i kişi, 15-i qadın olmaqla 106-sı məhkumdur.
Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə 70 nəfər təşkil edir. Aylıq müqayisədə sayda 5 nəfər artım qeydə alınıb. Onların 60-ı kişi, 9-u qadın, 1-si isə yeniyetmə oğlandır.
Qonşu ölkədə ümumilikdə 1 555 nəfər xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs həbs cəzası çəkir, 649 nəfər əcnəbi isə probasiya nəzarətində saxlanılır.