AZ

AYNA, AYNA, söylə bana, varmı səndən gözəli?

Xəbərin ilk cümləsi belədir: “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayevin ayda 19 min 500 manat maaş alması barədə məlumatlar birmənalı qarşılanmayıb”.

İlk yanlışlıq elə buradadır. Necə yəni “birmənalı qarşılanmayıb”? Əslində tam birmənalı qarşılanıb. Hamı deyir, pah, evin yıxılsın, agentlik yiyəsi, o qədər də maaş olarmı.

Doğrudan da üç min deyil, beş min deyil, birdən-birə 10-15 min manat artıq puldur. Heç baş nazirin maaşı o qədər deyil.

İkinci yanlışlıq da odur ki, xəbərdə agentlik sədrinin atasının adı göstərilməyib. Çünki xalqımız Anar Rzayev adlı daha bir sədr tanıyır və insafən, Rəsul oğlu Anar AYNA rəhbərindən qat-qat şöhrətli, hələ desən, gənc yazıçıların xoşuna gəlməsə də, istedadlı, eyni zamanda xalq qarşısında xidməti olan adamdır.

İndi belə çıxır ki, yerüstü nəqliyyatın cərimələnməsi işlərinə baxan Rzayev ölkədə hamıdan çox əməyi, zəhməti olan adamdır ki, aybaay o qədər maaş alır.

Heç demə, paytaxt sürücülərinin hər gün parkinqlərə ödədiyi on minlərlə manat bu işə gedir – AYNA rəhbərinin, sədr müavinlərinin, şöbə rəislərinin iş və yaşayış şəraitinin yaxşılaşdırılmasına, onların yüksək maaş almasına. Bəs dövlətə nə qalır? Qoy bunu başqa agentliyin, palatanın işçiləri ayırd eləsinlər. Auditorlar Palatası bu işdən ötrüdür.

Palata demişkən, sözügedən xəbərdə o da deyilir ki, AYNA-nın qarda, soyuqda çalışan və 5-6 yüz manat maaş alan işçilərinin çoxu bu yaxınlarda əlverişsiz hava şəraitində işlədikləri üçün xəstələniblər və klinika palatasında yatmağa pulları çatmadığından ambulator qaydada müalicə olunmaqdadırlar.
Heç demə, AYNA-dakı sıravi işçilərlə rəhbər işçilərin maaşı arasında isə 20 dəfədən artıq fərq varmış.

Çox adam bilmirdi, AYNA dolanışıqlı yer imiş. Bax, ona görə də şəhərin yollarının, küçələrinin sağı-solu başdan-başa ağ boya ilə xətlənib. Hara baxırsan, bir lövhəyə P yazılıb və aşağıda pulu hara, necə ödəmək lazım olduğu barədə izahat verilib. AYNA-nın işçiləri bir ucdan xətləyə-xətləyə gedirlər, bir azdan gəlib yaşayış məntəqələrinin həyətini, blokların qabağını da xətləyəcək, bir dirəyə P lövhəsi bağlayıb gedəcəklər.

Çünki Şakaya pul lazımdır. AYNA rəhbərlərinin maaşları 30-40, 50 minə qaldırılmalıdır. Ölkədə, dünyada inflyasiya gedir, ona ayaq uzatmaq gərəkdir.

Bəs müdirlər isti kabinetdə əyləşdiyi vaxt, xəbər yazan qardaşın ifadəsi ilə desək, “çovğunlu Bakı küçələrində saatlarla ayaqüstə xidmət keçən sıravi işçilər”in maaşı necə olsun, onlar da artmalıdırmı? Əlbəttə, yox. Çünki onlar çoxdurlar. Hamısının maaşı 100 manat artsa, N qədər vəsait edir, agentliyin büdcəsi ona tab gətirməz, salamatı 5-6 adamın maaşını artırmaqdır. Onlar həm azdırlar, həm də yazıqdırlar.

Bir struktur rəhbərinin özünə yüksək maaş yazması söhbəti bir yerdən tanış gəldiyi üçün qıymadım ömrümün iki dəqiqəsinə, Google-də axtarış verdim və önümə belə bir məlumat çıxdı: “Bu gün bəzi KİV-lərdə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) rəhbərliyinin aylıq əməkhaqları ilə bağlı sensasion məlumat dərc edilib. Məlumatda Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlının ayda 65 min manat, müavinlərinin hər birinin 38 000, icraçı direktorun 18 000, departament direktorlarının 10 000, sıravi işçilərin isə 800-1500 manat rəsmi məvacib aldığı iddia edilib”.

Ardınca bildirilir ki, mediada və sosial şəbəkələrdə tirajlanan iddialarda təkcə Rüfət Aslanlı və 2 müavininin əməkhaqlarının ödənilməsinə ildə 2 milyon manat vəsait sərf edildiyi qeyd edilir.
Saytlardan biri bu iddialarla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasından cavab almağa çalışıb. Palatanın bir işçisi yayılmış məlumatları təkzib edərək deyib ki, bu cür məlumatlar həqiqətə uyğun olmadığından şərhə ehtiyac görmürlər. “Bunun həqiqət olmasına inanmaq özü sadəlövhlükdür”, - deyib həmin şəxs.

Vəssalam. İndi guya bu təkzibdir? Təkzib o olardı ki, palata işçisi deyərdi: “Xeyr, bizim palatanın sədri ayda 65 min manat maaş almır, 64 min 900 manat maaş alır”. Biz də öz sadəlöhvlüyümüzdən, yanlış xəbər yaydığımızdan utanıb xəcalət və balkona çıxıb siqaret çəkərdik.

Əcəb işdir. Barəndə o boyda söz-söhbət çıxır, bir kəlmə deyirsən ki, həqiqətə uyğun deyil. Bəs həqiqət necədir? Onu demirsən, söhbət bağlanır. Bax, ona görə də qədirbilən xalqımız hələ də bilmir ki, R.Aslanlı nə qədər maaş alır.

İndi ola bilər, AYNA da bu gün məlumat yayacaq ki, agentliyin rəhbər işçilərinin maaşları barədə yayılmış informasiya həqiqətə uyğun deyil.

İctimaiyyətə isə dəqiq rəqəm lazımdır: AYNA rəhbərləri maaş cədvəlində nə qədər maaşa qol çəkirlər və əllərinə nə qədər gəlir. Heç ikinciyə ehtiyac yoxdur, birinci bəsdir.

Samir SARI (Musavat.com)

Poliqon.info

Seçilən
5
12
poliqon.info

10Mənbələr