Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.
Son illər Bakının daşınmaz əmlak bazarında, xüsusilə köhnə tikili mənzillər seqmentində müşahidə olunan sürətli bahalaşma mərhələli şəkildə zəifləmək üzrədir. Mütəxəssislərin proqnozlarına görə, qarşıdakı illərdə bu tip mənzillərin qiymətlərində artım davam etsə də, əvvəlki illərlə müqayisədə daha aşağı templə qeydə alınacaq.Ötən gün mətbuata açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri Vüqar Oruc deyib ki, Bakıda köhnə tikili mənzillərin qiymətlərində artım tempinin qarşıdakı illərdə mərhələli şəkildə azalacağı gözlənilir.O bildirib ki, 2025-ci ildə paytaxt üzrə köhnə mənzillərin orta çəkili qiymət artımı faktiki olaraq 9,4 % təşkil edib:"2026-cı ildə bu göstəricinin 6,5 %-ə, 2027-ci ildə isə 5,2 %-ə enəcəyi proqnozlaşdırılır. Bu dinamika bazarda əvvəlki illərlə müqayisədə daha sabit və balanslı qiymət artım mərhələsinin formalaşdığını göstərir".Onun sözlərinə görə, 2027-ci ildə qiymət artım tempinin daha da zəifləyəcəyi və bazarın sabitləşmə mərhələsinə keçəcəyi gözlənilir.Görünən odur ki, köhnə tikili mənzillər bazarı artıq kəskin bahalaşma mərhələsini geridə qoyub.Bir tərəfdən, paytaxtda yeni tikililərin sayının artması alıcı seçimlərini genişləndirir. Müasir planlaşdırma, lift, parkinq və kommunikasiya üstünlükləri olan yeni binalar köhnə tikililərlə rəqabəti gücləndirir. Nəticədə köhnə mənzillərin qiymətləri əvvəlki kimi sürətlə yüksələ bilmir.Söhbət qiymətlərin ucuzlaşmasından getməsə də artım tempinin azalmasından gedir.Bəs bu, ümumi mənzil bazarına, qiymətlərə necə təsir edəcək?Mövzu barədə Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, bu tendensiya çoxdan başlayıb və davam edir:“Son 15 ildir yeni tikililər dəbə minib. Getdikcə də bunun populyarlığı artır. Əgər 2000-ci illərin əvvəllərində yeni tikililərdə mənzil almaq adətən daha imkanlı kateqoriyaya aid idisə, daha sonrakı illərdə kütləvi inşaat ona gətirib çıxardı ki, vətəndaşlar yeni binalara köçməyə başladılar. Səbəb də əsasən köhnə yaşayış fondunun aşınması ilə əlaqədardır.
Bu baxımdan da imkanlı, gəliri yüksək olan şəxslər yeni binalara daha çox üstünlük verdilər. Bu baxımdan getdikcə köhnə binalara maraq və tələbat azalmağa başladı. Bu tendensiya çoxdan başlayıb və davam edir. Sadəcə, 2018-ci ildən etibarən tikinti şirkətlərinə qarşı başlanmış daha sərt yanaşma, şəhərsalma normativləri, verilən icazələrin həddən artıq azalması nəticəsində bazarda qıtlıq müşahidə olunmağa başladı. Bu, hələ də davam edir”.
Onun sözlərinə görə, bazara böyük həcmli tikinti şirkətlərinin çıxması lazımdır:“Böyük həcmdə inşaat işi başlasa, sözsüz ki, tikinti şirkətləri arasında rəqabət də artacaq. Rəqabət çox olduğu halda qiymət də stabilləşəcək. Yeni tikililərin qiymətləri köhnə yaşayış fonduna nisbətdə daha əlverişli qiymətə təklif olunacaqsa, bazarda sözsüz ki, bu tendensiya daha da aktivləşəcək. Lakin bu yaxın 3-4 il ərzində gözlənilmir”.Günay Şahmar, Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.