AZ

Anar: “Onları yenidən biyabır etmək kimə lazımdır?” - MÜSAHİBƏ

Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvlük haqqını ödəməyən şair və yazıçıları təşkilat sıralarından xaric edib. Bu barədə birliyin Katibliyi qərar verib.

AYB sədri, Xalq yazıçısı Anar Rzayev məsələ ilə bağlı “Yeni Sabah”ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

 - Anar bəy, AYB katibliyinin qərarı ilə üzvlük haqqı ödəməyənlər təşkilatdan xaric olunub. Həmin şəxslərin də siyahısı dövrü mətbuatda dərc olunacaqmı?

- Üzvlükdən xaric olunan yazıçı və şairlərin siyahısını güman ki, dövrü mətbuatda dərc etməyəcəyik. Onları yenidən biyabır etmək kimə lazımdır?

- Bəs xaric olunanlar arasında qərara etiraz edənlər varmı?

- Etirazlar barədə dəqiq bir şey deyə bilmərəm. Hər halda şəxsən mənim özümə etiraz edən yoxdur.

- AYB üzvlüyündən xaric olunanlar arasında tanınmış yazıçı və şairlərdən kimlərsə varmı?

- Məncə, yoxdur. Siyahıya nəzər saldım. Çoxu tanımadıqlarım idi.

- Bəs üzvlük haqqı ödəməyənlərin arasından şəxsən sizin özünüzə müraciət edənlər, möhlət istəyənlər oldumu?

- Olmayıb. Ödəniş bilirsiniz nə qədərdir?

- Bəli. İldə 15 manat...

- Ayda deyil ha, ildə 15 manat. Elə bir insan varmı ki, ildə 15 manat pulu olmasın? Bunun adı diqqətsizlikdir, saymazlıqdır. Hərə gəlib bir şey istəyir, amma pulu verməyə əli gəlmir. Ona görə baxırıq ki, nə qədər səbr etsək də faydası yoxdur.

- Üzvlük haqqını ödəmədiyinə görə AYB-dən neçə nəfər çıxarılıb?

- Dəqiq sayı bilmirəm.

- Bəs digər ödəniş etməyən yazıçı və şairlərin siyahısı da yenidən dövrü mətbuatda dərc olunacaqmı?

- Vəziyyətə baxacağıq. Əgər vaxtında gəlib ödəniş etsələr niyə onları biyabır edək?

- Bəs Anar bəy, özünüz demişdiniz ki, AYB nə etsə, səs-küyə səbəb olur. Sizcə, bu məsələ də cəmiyyətdə söz-söhbətə səbəb olmayacaqmı?

- Yaratsın da. Nə edək? Bu məsələdə biz haqlıyıq. Hər zaman da haqla, ədalətlə, qanunla və nizamnamə ilə işləmişik. Kimini yalan danışdığına, kimi oğrluq etdiyinə, kimini də üzvlük haqqını ödəmədiyinə görə təşkilatdan xaric edirik. 5 il möhlət vermişdik. Daha nə qədər gözləyək? Hamı haqqın tərəfində olmalıdır.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
22
12
yenisabah.az

10Mənbələr