AZ

Xaricdən sifariş edilmiş məhsullar niyə gecikir? Rəsmi açıqlama

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

“Son həftələr ərzində onlayn platformalar üzərindən sifariş edilmiş məhsulların çoxu Azərbaycan ərazisinə daxil olsa da, gömrükdə saxlanılır və buraxılmır”.

Bu şikayətlə “Qafqazinfo”ya vətəndaşlar müraciət ediblər.

Onların sözlərinə görə, məsələyə nə gömrük orqanları, nə daşıyıcı şirkətlər, nə də onlayn alış-veriş platformaları aydınlıq gətirir: “Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır, səbəb izah olunmur, konkret müddət deyilmir. Nəticədə insanlar həftələrlə gözləməyə məcbur qalır”.

Şikayətçilər deyir ki, söhbət kommersiya məqsədli yox, şəxsi istifadə üçün sifariş olunan mallardan gedir: “Buna baxmayaraq, proses qeyri-şəffaf şəkildə uzadılır və bu da haqlı narazılığa səbəb olur”.

Onlar həmçinin bu prosesi son günlər sosial şəbəkə və media orqanlarında müzakirə olunan, gömrük limitinin 300 dollardan 100 dollara endirilməsi məsələsi ilə əlaqələndirirlər.

Vətəndaşlar Dövlət Gömrük Komitəsinə müraciət etsələr də, onları narahat edən suallara heç bir rəsmi cavab ala bilmədiklərini də iddia edirlər: “İnsanlar səbəb istəyir... Bu nəvaxta kimi davam edəcək? DGK heç bir açıqlama vermir, hətta sosial şəbəkəsində yazılan rəylər də silinir. Dəfələrlə gömrüyə və Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə yazılı şikayət ünvanlamışıq, lakin cavab gəlməyib”.

Məsələ ilə bağlı DGK-ya sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir: “Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur.

Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir.

Sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu növ hallara yol verilməməsi tövsiyə olunur.

Sifariş edən şəxslərdən yaranan halların nəzərə alınması və müvəqqəti xarakter daşıdığının diqqətə alınması xahiş olunur”.

Mədinə Useynova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
2
qafqazinfo.az

8Mənbələr