Nə baş verir ki, son vaxtlar az qala hamı Ermənistanla əlləşir sanki... Lap nağıllardan birinə bənzəyir. “Ovçunun əlcəyi” yadınızda olar. Bir qar günündə əlcəyin içinə o qədər heyvan soxulur ki, axırda cırıq-cırıq olur. Ermənistanı o kökəmi salmaq istəyirlər?..
Ən yaxınından başlayaq: İran hakimiyyəti davamlı şəkildə Ermənistandan incikliyini bəyan edir. Ölkənin yarımrəsmi “Mehr” agentliyi də “İrəvan əsl dostlarından birini incidəcək və onu özündən uzaqlaşdıracaq”-təhdidini tirajlayıb. O tərəfdən də səfir Mehdi Şirqolami xəbərdar edib. Düzdür, İran anlayır ki, Ermənistan bir gün Qərbə onu cəzalandırmaq üçün hər cür imkanları yaradacaq. “Zvartnos” hava limanına enən ABŞ təyyarələri də oyuncaq daşımırlar. Heç ABŞ-nin “Metsamor” AES-i yenidən qurmaq istəyi də ermənilərin qara gözünə aşiq olmağın nəticəsi deyil. Amma necə deyərlər, İran öz cəzasıdır, çəksin. Dünənə qədər “qırmızı xətt”dən dəm vururdular...
Ermənistanda minlərlə hərbçisi olan Rusiya də bu ölkədən əl çəkmir, açıq şəkildə qarışdıracağı ilə hədələyir. Hətta “damarlarımdan erməni qanı axdığına görə fəxr edirəm”, deyən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Aİ-yə qoşulacağı təqdirdə Avrasiya İqtisadi Birliyindən çıxarılacağı ilə təhdid edib. Rusiya Ermənistana əbədi qul gözündə baxır, onun mərkəzdən
– Kremldən qaçma meyllərini heç cür həzm edə bilmir.
Təsəvvür edin, Rusiya öz sərhədçilərinin Zəngəzur dəhlizində - İranla həmsərhəd bölgədə mövcudluğunu tez-tez xatırlatmaqla dəhlizin ABŞ şirkətinə icarəyə verilməsini mümkünsüz sayır. Amma eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyan hazırda Ermənistan dəmir yollarının konsessiyaçısı olan “Rusiya Dəmir Yolları” ASC-yə demək olar ki, ultimativ müraciət edərək Azərbaycan və Türkiyə sərhədlərinə qədər dağıdılmış dəmir yolu xətlərinin tez bir zamanda bərpasını təklif edəndə də “daşdan səs çıxdı”, Kremldən reaksiya gəlmədi. Əslində Zəngəzur dəhlizi ilə bağlı ilkin anlaşma elə Rusiyanın iştirakı ilə imzalanmışdı. Amma 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatın 9-cu bəndində əksini tapan müddəanın icrası istiqamətində Kreml heç bir addım atmadı. Azərbaycan dövləti 5 il gözlədi, başı Ukrayna bataqlığına qarışmış Rusiya hərəkətə keçmədiyi üçün ABŞ-nin təşəbbüsü qəbul olundu. Budur, ABŞ-nin vitse-prezidenti Vens bölgəyə gəlir və əsas müzakirə mövzusu Zəngəzur dəhlizi – Tramp marşrutudur. Rusiya normal mövqe sərgiləsəydi, kim bilir, bəlkə elə indi Zəngəzur dəhlizi ilə yanaşı, “Putin marşrutu” ifadəsi də işlədilirdi…Rusiya öhdəliyinə nəinki əməl etmədi, əksinə, tez-tez Paşinyanı Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə “məhşər ayağı”na çəkməyə çalışdı. Bu, erməni revanşistlərinə “didin, parçalayın Sorosun adamını” çağırışı idi və sülh məramına heç cür uyğun gəlmirdi.
ABŞ-nin Ermənistanla imzaladığı xartiya da unudulmayıb. Düzdür, sənədi Blinkenlə Mirzoyan imzalamışdı, amma Ağ Ev üçün Ermənistan Azərbaycanla sülh sənədinin imzalanması, Zəngəzur dəhlizi – Tramp dəhlizinin reallaşdırılması prosesində cəlbediciliyini artırıb. Bu mənada Vaşinqtonun marağı daha təbii görünür.
Bu günlərdə məlum oldu ki, Hindistan Ermənistana yeni raket sistemləri yollayıb. Xarici borcun içində itib-batan ölkəyə ən azı 600 milyon dollarlıq silah satıblar. Hindistanın Ermənistandakı səfiri isə deyib ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlığı və potensialın gücləndirilməsini əhatə edən müdafiə sahəsindəki əlaqələr inkişaf etməkdədir. Müdafiə naziri isə deyib ki, Ermənistana “Pinaka” idarə olunan raketlər göndərilib. Yeni Dehli sanki Ermənistana raket yox, hind kinosunun kasetlərini yollayır. Doğrudanmı, bu ölkəni uçurumun dibinə yuvarlama siyasəti yürütdüklərini anlamırlar?
Bu yandan da Avropa Birliyi Avropa Sülh Fondundan Ermənistana 20 milyon avro ayrılması barədə qərar qəbul edib. Bildirilir ki, bu, hərbi yardım üzrə ikinci paketdir. İlk dəfə belə yardım 2024-cü ilin iyulunda 10 milyon avro məbləğində ayrılıb. Ermənistan 2025-ci ildə fonddan yenidən yardım almaq üçün müraciət etsə də, müraciət Macarıstan tərəfindən bloklanmışdı. Ancaq artıq Budapeşt də müsbət qərarını verib. Beləliklə, Macarıstan da daxil olmaqla 27 Avropa İttifaqına üzv dövlət Avropa Sülh Fondundan Ermənistana 20 milyon avro yardım ayrılmasını təsdiqləyib. Qonşu ölkənin ərazisini 30 il ərzində işğalda saxla, yüz milyardlarla zərər vur, yeraltı, yerüstü sərvətlərini tala, sonar hələ sənə ordunu gücləndirmək üçün on milyonlar da ayırsınlar. 21-ci əsrin “özəlliklərindən” biri də budur.
Amma Ermənistan adlı “əlcəy”in içərisinə bütün varlığı ilə girməyə çalışan həm də Avropa İttifaqıdır. Diqqət edin, rəsmi İrəvan Rusiyanı da rəncidə edən mövqe sərgiləyərək, gizlin-gizlin Avropa İttifaqına can atır. Paralel şəkildə Avropa İttifaqı da Ermənistanda mövcudluğunu təmin etməyə çalışır. 2022-ci ildə 44 nəfərlik “mülki missiya”, əslində casus şəbəkəsi ilə şərti sərhədlərdə peyda olan Avropa İttifaqının binokllularının sayı artıq 209-a çatdırılıb və 2027-ci ilədək onlara mandat verilib. Bu günlərdə AŞ PA-da peyda olan Ermənistan XİN rəhbəri gələcəkdə onların statusunun artırılmasını da zəruri sayıb. Gorbagor olmuş həmsədrlərin yerini boş saxlamaq istəmirlər.
Ötən ilin dekabrında Avropa İttifaqı və Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədində bölgədəki sabitliyi pozmağa yönəlik məqamlara rəsmi Bakının etirazı və xəbərdarlığı unudulmamalıdır. Postmünaqişə dövründə əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirilməsi həm də Ermənistanın sülh mövqeyinə şübhələr yaradır. Nə olsun ki, Paşinyan “biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”, deyir. Silahlanma, Aİ ilə əməkdaşlıqda anti-Azərbaycan mövqelər, Avropa Parlamentinin Ermənistanı himayə edən qətnamələri, nəhayət, bu günlərdə AŞ PA-da, Ermənistan nümayəndə heyətinin iştirak etdiyi toplantıda Azərbaycanın daxili işlərinə burun soxmağa növbəti cəhd, “əsirlər” mövzusunda qəbul olunmuş qətnamədən ortaya çıxan nəticə başqadır.
Ermənistanı himayə mövqeləri, bu ölkənin maliyyələşdirilməsi, silahlandırılması hələ sərhədləri bəlli olmayan ölkəyə “əlcək atılmasıdır”. Eyni zamanda Ermənistan adlı “əlcəy”in içərisinə soxulmaq üçün rəqabət gedir. “Real Ermənistan” qurmaq istədiyini desə də, hamını içəri dəvət etməklə qeyri-real bir işə girişən Paşinyan görəsən, heç düşünmürmü ki, bir gün özü demişkən, “kadastr sənədi olmayan” ölkə tikə-parça şəkildə onun-bunun əlində qalar?..
Elşad Paşasoy,
Musavat.com