Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada "Qarabağ"ın da rəqibinin adına aydınlıq gələcək.
Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Liqa mərhələsini 22 pillədə başa vuraraq tarixində ilk dəfə pley-offa adlayan Azərbaycan çempionu "səpələnməmişlər" səbətində yer alır. Qaydalara görə, Liqa mərhələsində 21 və 22-ci yerləri tutan "Monako" və "Qarabağ” “səpələnmişlər” arasından 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. Təmsilçimizin potensial rəqibləri turnirin son qalibi PSJ və "Nyukasl"dır. Yəni, Qurban Qurbanovun komandası pley-offda ya Fransa təmsilçisi ilə, ya da İngiltərə klubu ilə üz-üzə gələcək.
“Qarabağ” pley-offda ilk matçını Bakıda, cavab oyununu səfərdə keçirəcək. 1/8 finala vəsiqə uğrunda görüşlər febralın 17-18-i və 24-25-də keçiriləcək.
O da məlumdur ki, "Qarabağ" - PSJ/"Nyukasl" cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran "Barselona" və ya 6-cı yerin sahibi "Çelsi" ilə qarşılaşacaq.