AZ

Heç bir təhdid Azərbaycanı yolundan döndərə bilməz

Azərbaycan hər zaman müstəqil siyasət yürüdüb, heç kimə diktə dili ilə danışmağa imkan verməyib. Xüsusilə 44 günlük Vətən müharibəsindəki qələbədən, həmçinin 23 saatlıq uğurlu antiterror əməliyyatından sonra ölkəmizin regional və beynəlxalq müstəvidə mövqeyi daha da möhkəmlənib. Azərbaycan beynəlxalq miqyasda böyük layları tərpədərək qlobal gündəliyə təsir edən tarixi bir zəfər çalıb. Bu, ölkənin yeni dövrdə daha yüksək hədəflər müəyyən etdiyini təsdiqləyir və Cənubi Qafqazda xaos yaratmaq istəyən destruktiv dairələri narahat edir.

Milli Məclisin deputatı Nigar Məmmədova qəzetimizə açıqlamasında xatırladıb ki, Vətən müharibəsi zamanı da dövlət başçımız təhdidlərin olduğunu ictimaiyyətə açıqlayaraq bildirmişdi: "44 gün davam edən müharibə göstərdi kim kimdir, kim kimin dostudur. Azərbaycan xalqı bunu yaxşı görür və bilir. Mən isə bunu çoxdan bilirdim. Ona görə də bütün şər-böhtana, bütün təzyiqlərə, bütün təhdidlərə hazır idim. Bir amalım var idi - güclü dövlət yaratmaq, torpaqlarımızı işğaldan azad etmək, ədaləti bərpa etmək!"

Deputat qeyd edib ki, Azərbaycan bu gün də postmünaqişə reallıqları fonunda bütün təhdidlərə qarşı qətiyyətli mübarizə aparır: "Dövlət tərəfindən təhlükəsizliyin təmin olunması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan öz müdafiə qabiliyyətini və təhlükəsizlik institutlarının peşəkarlığını davamlı şəkildə gücləndirir. Bu isə ölkənin suverenliyinin, ərazi bütövlüyünün və daxili sabitliyinin etibarlı şəkildə qorunmasına xidmət edir. Azərbaycan təhlükəsizlik orqanları təhdidlərə sistemli və preventiv cavab verir. Hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi, peşəkar kadr potensialının artırılması ölkənin müdafiə gücünü artıran əsas amillərdəndir. Bu yanaşma Azərbaycanın yalnız fiziki təhlükələrə deyil, həm də asimmetrik təhdidlərə qarşı hazır olduğunu göstərir. Burada əsas üstünlük güclü orduya malik olmaq, sərhədlərimizdə möhkəmlənmək, beynəlxalq platformalarda söz sahibinə çevrilməkdir".

N.Məmmədova vurğulayıb ki, hazırda ölkəmizə qarşı təhdidlər əsasən dezinformasiya və kiberhücumlar formasında davam edir. Davos İqtisadi Forumu çərçivəsində açıqlanan hesabatda da dezinformasiya əsas risklər sırasındadır. Dezinformasiya isə əsasən beyinləri hədəfləyən, cəmiyyətləri parçalamağa hesablanan "silah"dır. Aidiyyəti qurumlar çevik və effektiv tədbirlərə üstünlük verərək potensial risklərin vaxtında müəyyənləşdirilməsini təmin edirlər. "Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu günlərdə "Euronews" kanalına müsahibəsində bəyan edib ki, Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir:  "Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük".

Deputat hesab edir ki, bütün təhdidlərə qarşı mübarizə davam etməli, cəmiyyətin hər bir üzvü bu məsələdə öz məsuliyyətini anlamalıdır.

Əsmər QARDAŞXANOVA,

"Azəbaycan"

Seçilən
65
21
azerbaijan-news.az

10Mənbələr