AZ

Rzanın gəlişi Səlahət üçün sonun başlanğıcıdı – o, daha əlcək geymək istəmir!

Xəbər verdiyimiz kimi, “Neftçi” qapıçısı Rza Cəfərovla müqavilənin müddətini 2027/28 mövsümünün sonuna qədər artırandan sonra “Qəbələ”yə icarəyə verdi. 22 yaşlı qapıçı bu mövsümün sonunadək “qırmızı-qaralar”ın şərəfini qoruyacaq. İş ondadı ki, futbolçu bu kluba hansısa satınalma şərti olmadan keçdi.

Əslində “ağ-qaralar”la bağlı durum gün kimi aydındı. Görünür, paytaxt təmsilçisi mövsümün sonuna qədər “çərçivə”ni Kənan Piriçə əmanət edəcək. Belədə Rzanın ehtiyat oyunçular skamyasında “paslanması” məqsədəuyğun olmayacaqdı. Odu ki, bu addım həm klubun, həm də qapıçının, necə deyərlər, ürəyincə oldu. Bəs, “Qəbələ”də mövsümün əvvəlindən bəri əsas qapıçı kimi çıxış edən Səlahət Ağayevin taleyi necə olacaq?

“Football-plus.az”ın əldə etdiyi məlumata görə, bu il yanvarın 4-də 35 yaşını tamamlayan qapıçı mövsümün sonunda karyerasını bitirmək niyyətindədi. O, bu barədə qərarını “Qəbələ” rəhbərliyinə çatdırıb. Nəticədə “qırmızı-qaralar” Rzanı heyətinə qatmağa məcbur olub. O başqa məsələ ki, Səlahəti premyer-liqada qalmaq uğrunda mübarizə aparan komanda üçün uğurlu qolkiper saya bilmərik. Çünki qapıçı cari mövsümdə meydana çıxdığı 17 matçda 21 qol buraxıb, yalnız 3 qarşılaşmada qapını toxunulmaz saxlaya bilib.

KƏNAN BAHADIR

Seçilən
10
football-plus.az

1Mənbələr