Böyük Britaniyada qaşınma xəstəliyi (skabies) hallarının kəskin artdığı müşahidə olunur və əsas səbəblərdən biri dərman təminatındakı fasilələr və müalicənin gecikməsidir.
Publika.az xəbər verir ki, bu barədə "The Conversation" nəşrinə Sussex Universitetinin baş tədqiqatçısı, Krallıq Coğrafiya Cəmiyyəti və Britaniya Akademiyasının üzvü doktor Co Middlton məlumat verib.
Onun sözlərinə görə, 2023–2024-cü illərdə aptek və topdan dərman tədarükçüləri, xüsusilə permetrin tərkibli kremlərin idxalında çətinliklərlə üzləşiblər. Təchizat zəncirlərindəki problemlər səbəbindən bir çox xəstə vaxtında müalicəyə başlaya bilməyib ki, bu da infeksiyanın daha da yayılmasına gətirib çıxarıb. Nəticədə yalnız bir il ərzində İngiltərə və Uelsdəki müəssisələrdə - o cümlədən qocalar evləri və məktəblərdə 241 skabies epizodu qeydə alınıb.
Ümumi əhali arasında problemin miqyasını qiymətləndirmək daha çətindir, çünki skabies qanuni olaraq qeydiyyata alınmır və bir çox insan müalicəni reseptsiz dərmanlarla öz-özünə aparır. Buna baxmayaraq, ailə həkimləri və seksual sağlamlıq klinikaları son illərdə müraciətlərin əhəmiyyətli dərəcədə artdığını bildirirlər.