Əllərində qablarla su daşıyırlar... Bu sakinlərin problemi binaya su verilməməsi yox, verilən suyun elektrik enerjisi səbəbindən evlərə gəlməməsidir…
Xezerxeber.az xəbər verir ki, söhbət Xətai rayonu Rahib Məmmədov küçəsi 20 A ünvanıdır. Sakinlər bildirirlər ki, "Birlik" MTK-ya aid bu binanın “Azərişığa” borcu olması səbəbindən günlərdir evlərinə su gəlmir.
Sakinlər bildirirlər ki, evlərdə elektrik var. İşıq sayğacı və xətti ayrı olduğu üçün sakinlərin özləri pulunu ödəyə bilirlər. Amma su və liftin aid olduğu anbarın elektrik xətti birdir. Buna görə də sakinlərin binanın kommunal xərclərini vaxtında ödəməməsi hazırda bu vəziyyətə gətirib çıxarıb.
Məsələ ilə bağlı "Birlik" MTK-nın səlahiyyətli nümayəndəsi Fəridə Aslanova ilə əlaqə saxladıq. O "Xəzər Xəbər"ə bildirdi ki, binanın saxlanılma xərcləri var. Bunlara su nasosları və liftlə bağlı xərclər də daxildir. Hazırda isə sakinlərin çoxu bu xərclərini ödəmədiyinə görə binanın “Azərişığa” 10 min manat borcu yaranıb. Buna görə də elektrik verilişi dayandırılıb.
Fəridə Aslanova bildirib ki, vətəndaşlarla söhbət edərək məsələni həllə etməyə çalışacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.