“Qarabağ”ın futbolçusu Emmanuel Addai Sportinfo.az-a müsahibə verib.
Qanalı yarımmüdafiəçi hava limanında Sportinfo.az-ın suallarını cavablandırıb.
-Böyük hesablı məğlub olmasına baxmayaraq, pley-offa yüksələn “Qarabağ”. Kollektivdə ab-hava necədir?
- Təbii ki, hər birimiz sevincliyik, amma bir az yorğunluq var. Yaşananlar tarixdə qaldı, bundan sonra qarşıdakı oyunları düşünməliyik.
- 0:6 hesablı yenilgidən sonra sevinmək inanılmazdır, deyilmi?
- Belə məğlubiyyətlər bizə nələrisə öyrədir. “Liverpul”un gücü və səviyyəsi barədə danışmağa ehtiyac yoxdur. Rəqibin nəyə qadir olduğunu hamı bilir. Səhvlərimizdən nəticə çıxarmalıyıq ki, bu cür vəziyyətlə üzləşməyək.
- Həqiqətənmi “Liverpul”la “Qarabağ”ın arasında 6 qat fərq var?
- Səhvlərimiz ucbatından uduzduq. Bəlkə də oyuna istədiyimiz kimi başlamadıq, bəlkə də pley-off şanslarımızın çox olması buna gətirib çıxardı. Lakin “Qarabağ”ın gücü bu cür hesabla uduzmağa imkan vermir. İngiltərəyə qələbə, ən pis halda 1 xal dalınca getmişdik.
- Oyun ərzində digər matçların nəticələri ilə maraqlanırdınız?
- Düzünü desəm, yox. Diqqətimizi öz futbolumuza ayırmışdıq. Çünki meydanı yaxşı nəticə ilə tərk etmək istəyirdik. Qazanacağımız 1 xal digər oyunların nəticələrinə baxmağa ehtiyac yaratmayacaqdı.
HƏBİB