AZ

Elnur Mehdiyev: Eldar Quliyev təkcə pedaqoq deyil, həm də mənəvi dayaq idi

Bakı, 29 yanvar, Günel Alıyeva, foto Nicat Həşimov, AZƏRTAC

Mən Xalq artisti Eldar Quliyevin ilk tələbələrindən biriyəm və bu gün də onun yolunu pedaqoji sahədə davam etdirirəm. Məhz bu sahədə çalışmağımın əsas səbəblərindən biri də Eldar müəllimdir. O, hər zaman tələbələrinə dəstək verən, pedaqogikaya xüsusi həssaslıqla yanaşan, olduqca müsbət və insanpərvər bir şəxsiyyət idi. Kinematoqrafiyanın sirlərini bizə böyük səbirlə, dərinliklə izah edir, düzgün istiqamət göstərirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino-televiziya sənətləri” kafedrasının müdiri, ADMİU nəzdində fəaliyyət göstərən Tədris Film Kino Studiyasının baş direktoru, Xalq artisti Eldar Quliyevin tələbəsi Elnur Mehdiyev bildirib.

“Eldar müəllim bizim üçün təkcə pedaqoq deyildi, həm də mənəvi atamız idi. Onunla hər mövzuda rahat danışa, fikir mübadiləsi apara, müxtəlif məsələləri müzakirə edə bilirdik”, – deyə o qeyd edib.

Elnur Mehdiyevin sözlərinə görə, bu peşədə ən vacib məsələlərdən biri üslub və iş prinsipidir: “Ümumilikdə kinematoqrafiyada işin başlanğıcı məsuliyyətdir. Liderlik keyfiyyəti olmayan insanın rejissor kimi formalaşması çox çətindir. Biz isə Eldar müəllimin hər kəlməsinə diqqətlə qulaq asırdıq. Onun təqdimat tərzi elə bir səviyyədə idi ki, yanında olan adam biganə qala bilməzdi”.

O vurğulayıb ki, kino sahəsi komanda işi üzərində qurulur və rejissorun heyət üzvlərini birləşdirməsi, insanlarla düzgün münasibət qurması, hörmət və sevgi qazanması mühüm amillərdəndir: “Biz kənardan da görürdük ki, Eldar müəllimi komanda üzvləri – istehsalatda çalışan həmkarları, operatorlar, assistentlər nə qədər sevir və ona necə böyük rəğbət bəsləyirdilər. Bu, rejissor üçün çox vacib göstəricidir”.

 

Seçilən
20
2
azertag.az

3Mənbələr