AZ

Azərbaycanda bağçalar məcburi olacaq? MÜHÜM AÇIQLAMA

ain.az, Konkret.az saytına istinadən bildirir.

Azərbaycanda 2 milyon 730 min uşaqdan cəmi 40 %-nin məktəbəqədər təhsil müəssisəsinə (bağça) əlçatanlığı var. Maraqlıdır nə vaxtsa Azərbaycanda bağçalar məcburi ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən sosioloq Nailə İsmayılova bildirib ki, yaxın perspektivdə Azərbaycanda bağçaların tam məcburi olması real görünmür. Onun sözlərinə görə, hazırkı şəraitdə bu məsələnin qarşısında bir neçə ciddi maneə var:

“Ən əsas problem bağçalara əlçatanlıqdır. Uşaqların yalnız 40 faizinin bu müəssisələrdən yararlana bilməsi fonunda məcburilik sosial ədalətsizliyə gətirib çıxara bilər. Məcburi sistem üçün əvvəlcə yetərli bina, müəllim heyəti və maliyyə təminatı formalaşmalıdır”.

Sosioloq qeyd edib ki, hüquqi baxımdan da məktəbəqədər təhsil valideyn seçimi kimi qəbul olunur:

“Azərbaycanda məcburi təhsil ümumi orta təhsil mərhələsindən başlayır. Məktəbəqədər təhsil isə konstitusion olaraq məcburi deyil.

Mental və mədəni amillər də bu prosesə təsir göstərir. Xüsusilə regionlarda 3–5 yaşlı uşağın ailə yanında qalması normal hal kimi qəbul olunur və dövlət bu sahədə ehtiyatlı yanaşma sərgiləyir”.

Bununla belə, Nailə İsmayılova bildirib ki, bağçaların rolu gələcəkdə dolayı yolla artacaq:

“Hazırda Azərbaycanda 5 yaşlı uşaqlar üçün məcburi məktəbə hazırlıq modeli tətbiq olunur. Bu, bir çox ölkələrdə də mövcud olan təcrübədir. Uşaq bağçaya getməsə belə, məktəbəqədər hazırlıq proqramından keçməlidir”.

Onun sözlərinə görə, bağçaya getməyən uşaqlar üçün alternativ mexanizmlər – icma mərkəzləri, qısamüddətli hazırlıq qrupları və məktəblərin nəzdində hazırlıq sinifləri yaradılır. Bu isə tam məcburilikdən daha çox “məcburi iştirak” modelinə bənzəyir.

“Nəticə etibarilə yaxın illərdə bağçaların tam məcburi olması gözlənilmir. Lakin 5 yaş üçün məcburi hazırlıq mərhələsinin davam edəcəyi və məktəbəqədər təhsilin rolunun mərhələli şəkildə artacağı ehtimal olunur”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
konkret.az

1Mənbələr