Qlobal maliyyə bazarları ABŞ-İran arasında artan gərginliyin fonunda yeni həftəyə ciddi dalğalanmalarla başlayıb. Geosiyasi risklərin yüksəlməsi investorları təhlükəsiz aktivlərə yönəldib, nəticədə qızılın qiymətində kəskin artım qeydə alınıb. Enerji və əmtəə bazarlarında yaranan qeyri-müəyyənlik isə maliyyə sistemindəki kövrək tarazlıqları bir daha gündəmə gətirib.
Bu gərgin mənzərədə qlobal iqtisadi münasibətlərin ən həssas mövzularından biri -ABŞ-ın xarici borc yükü yenidən diqqət mərkəzinə düşüb. Nasdaq tərəfindən açıqlanan son məlumatlar ABŞ iqtisadiyyatının bir sıra ölkələr qarşısında ciddi borc öhdəliklərinin olduğunu ortaya qoyub. Artan borc səviyyəsinin Ağ Ev administrasiyası üzərində təzyiqi artırdığı bildirilir.
Analitiklərin fikrincə, ABŞ-ın yüksək borclanma səviyyəsi təkcə Vaşinqton üçün deyil, eyni zamanda kreditor mövqeyində olan ölkələr üçün də risklər yaradır. Çünki borc balansındakı mümkün pozuntular qlobal maliyyə sabitliyinə birbaşa təsir göstərə bilər.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp da son açıqlamalarında ölkənin əsas prioritetlərindən birinin dövlət borcunun azaldılması olduğunu vurğulayıb. Bu bəyanatlar Vaşinqtonun borc probleminin artıq strateji səviyyədə qəbul edildiyini göstərir.
ABŞ-a ən çox borc verən 20 ölkə açıqlanıb
Nasdaq-ın açıqladığı siyahıya əsasən, ABŞ-a ən çox borc verən ölkələr və məbləğlər aşağıdakı kimidir:
Almaniya – 110,4 milyard dollar
BƏƏ – 112,9 milyard dollar
Cənubi Koreya – 121,7 milyard dollar
Səudiyyə Ərəbistanı – 133,8 milyard dollar
Norveç – 195,9 milyard dollar
Braziliya – 212 milyard dollar
Hindistan – 232,5 milyard dollar
Honkonq – 247,1 milyard dollar
Sinqapur – 247,7 milyard dollar
Tayvan – 298,8 milyard dollar
İsveçrə – 310,9 milyard dollar
İrlandiya – 339,9 milyard dollar
Fransa – 360,6 milyard dollar
Kanada – 368,4 milyard dollar
Lüksemburq – 410,9 milyard dollar
Belçika – 411 milyard dollar
Kayman adaları – 448,3 milyard dollar
Çin – 757,2 milyard dollar
Böyük Britaniya – 807,7 milyard dollar
Yaponiya – 1,13 trilyon dollar
Mütəxəssislər bildirir ki, ABŞ–İran gərginliyinin daha da dərinləşməsi və qlobal bazarlardakı qeyri-sabitlik fonunda bu borc yükü Vaşinqton üçün həm iqtisadi, həm də siyasi manevr imkanlarını məhdudlaşdıra bilər.
Mürtəza