Bəlkə də Azərbaycanda Türkiyəni (eləcə də Türkiyədə də Azərbaycanı) tanıtmağa o qədər də ehtiyac yoxdur. Qardaş ölkələr, gediş-gəliş, siyasi əlaqələr, hərbi ittifaq, geniş iqtisadi münasibətlər, mədəni əməkdaşlıq, eyni dili danışmaq, seriallar və s.
Amma bütün bunlar ilkin təəssüratdır, gərək həm də gözlərinlə şahid olasan, qardaş ölkənin zənginliyinə.
Bir nünas da var: Azərbaycanda Türkiyənin bir neçə bölgəsi, şəhəri daha populyardır. İstanbul, Antalya, Bodrum və s. Lakin qardaş ölkə böyük olduğu qədər gəzməli yerləri də çoxdur.
Türkiyənin Turizmin İnkişaf etdirilməsi Agentliyinin (TGA) təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalistin Ankara, Kırşehir, Çankırı və Kırıkkaleyə səfərləri zamanı da bunun şahidi oldum. Səfər “Go Türkiye” proqramı çərçivəsində həyata keçirilib.
Dünyanın hər yerində olduğu kimi Azərbaycandan da ucuz biletlərlə gediş-gəliş təşkil edən “Pegasus Airlines”in rahat təyyarələri də sizə səfərinizi asanlıqla həyata keçirməyə dəstək olur.
Belə səfərlər zamanı adama həm də yaxşı bir bələdçi lazımdır. Savadlı, mədəni, məlumatlı, ən əsası da səbrli. Bizim bəxtimiz bələdçi sarıdan da yaxşı gətirmişdi. Ramazan Çeliktürk 5 gün ərzində bu işin öhtəsindən yüksək səviyyədə gəldi. Bir daha təşəkkür edirəm.
Prezident Milli Kitabxanasına
Türkiyənin paytaxtı Ankara şəhərində, Prezident Külliyesinin daxilində yerləşən Türkiyə Prezidentinin Milli Kitabxanası həm memarlıq üslubu, həm də malik olduğu nəhəng fondla dünyanın ən əhəmiyyətli mədəniyyət mərkəzlərindən biridir. 2020-ci ilin fevral ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici qonaqların iştirakı ilə qapılarını oxucuların üzünə açan bu möhtəşəm tikili, Türkiyənin ən böyük kitabxanası olmaqla yanaşı, həm də Türkiyə dövlətinin elmə və kitaba verdiyi əhəmiyyətin təcəssümləşən nişanəsidir.
Kitabxana binası Səlcuqlu, Osmanlı və müasir memarlıq üslublarının sintezindən yaranıb. Binanın ən diqqətçəkən hissəsi Cahannüma Zalı adlanan mərkəzi bölmədir. Bu zalda 16 sütun ucalır. Sütunlar tarixin ən görkəmli 16 Türk dövlətini təmsil edir. Zalın günbəzində Quran-ı Kərimin “Əlaq” surəsinin 4-cü ayəsi- “O, qələmi (yazmağı) öyrətdi” nəqş olunubdur. Bu memarlıq detalları kitabxananın sadəcə bir oxu zalı deyil, həm də dərin tarixi köklərə bağlanan bir məkan olduğunu göstərir.
Kitabxana 125 min kvadratmetr qapalı sahəyə malikdir. Burda eyni vaxtda 5500 oxucuya xidmət olunur. Fondun zənginliyi isə heyranedicidir.
Burada 2,5 milyondan çox çap olunmuş kitab, 1,2 milyon isə elektron kitab mövcuddur, həmçinin 300 milyondan çox məqalə və hesabat saxlanılır.
İstəyən hər kəs gəlib mütaliə ilə məşğul ola bilir. Ancaq heç də bütün kitablar gələnlər üçün əlçatan deyil. Belə ki, burada yerləşən "nadir əsərlər" zalında dünyada ikinci nüsxəsi olmayan əlyazmalar mühafizə olunur. Onlara isə ancaq aidiyyəti quruma rəsmi müraciət edildikdən və Türkiyə Prezident Administrasiyası tərəfindən ona müsbət cavab verildikdən sonra baxmaq mümkündür. Bununla belə, bəzi nadir kitablar rəqəmsallaşdırılıb və oxumaq üçün salondakı kompüterlərə yerləşdirilib. Burada 50 min nadir əsər və onların rəqəmsallaşdırılmış formatlarından ibarət kolleksiya mövcuddur.
Prezident Kitabxanası təkcə yerli nəşrlərlə kifayətlənmir. “Dünya Kitabxanası” bölməsində 130-dan çox ölkədən, 67 dildə kitablar mövcuddur. O cümlədən Azərbaycana aid, Azərbaycan dilində nəşrlər. Bu, millətlərarası mədəni mübadilənin ən gözəl nümunəsidir. Həmçinin, kitabxana müasir rəqəmsal infrastrukturla təchiz edilib; oxucular nəhəng məlumat bazalarına, beynəlxalq akademik jurnallara və arxiv sənədlərinə sürətli çıxış imkanı əldə edirlər.
Ankara qalası
Şəhərin simvollarından biri olan Ankara qalasının tarixi şəhərin tarixi qədər qədimdir. Acaq qalanın dəqiq nə vaxt tikildiyi məlum deyil. Daxili və xarici qala olmaqla iki hissədən ibarət olan qalanın daxili divarları VII əsrdə bizanslılar tərəfindən inşa edilmişdir. Xarici divarların nə vaxt əlavə edildiyi isə dəqiq müəyyən edilməmişdir.
Malazgirt döyüşündən iki il sonra Səlcuqlular bölgəni idarə etməyə başlamış və bu dövrdə qala təmir edilərək genişləndirilmişdir. Qala qurulduğu təpənin yanından axan Hatip çayından (Bent dərəsi) 110 metr yüksəklikdə yerləşir.
Qalanın 20-dən çox qülləsi var. Xarici qala Ankaranı ürək formasında əhatə edir. Dörd mərtəbəli daxili qala qismən “Ankara daşı”ndan, tikilmişdir. Daxili qalanın iki böyük qapısı var ki, onlardan biri "Dış Kapı", digəri isə "Hisar Kapısı" adlanır. Bu qapının üzərində Elxanilərə aid bir kitabə yer alır. Daxili qala hündürlükləri 14-16 metr arasında dəyişən, beşbucaqlı formalı 42 qüllədən ibarətdir.
Şimal-qərb hissəsində Səlcuqlu hökmdarının apardığı təmir işlərini göstərən bir kitabə mövcuddur. Bu gün qalanın içərisində Osmanlı Ankarasından qalan çox sayda ev var. Onların bəziləri bərpa edilərək restoran, mağaza və kimi istifadə olunur.
"Ahi Şərafəddin" məscidi
Ankaranın tarixi Ulus səmtində, Ankara qalasının ətəyində yerləşən "Ahi Şerafettin" məscidi xalq arasında daha çox Aslanhane məscidi kimi tanınır. Anadolu Səlcuqlu memarlığının günümüzə qədər gəlib çatmış ən nadir və möhtəşəm nümunələrindən biri olan məscid XIII əsrin əvvəllərində inşa edilmişdir. Bu məscid, 2023-cü ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilərək bəşəriyyətin ortaq mədəniyyət xəzinəsi kimi tanınıb.
Məscid Anadolu Səlcuqlu Sultanı II Məsudun dövründə, 1289-1290-cı illərdə Ahi liderlərindən olan Hüsameddin və Nəsrəddin qardaşları tərəfindən tikdirilmişdir. Lakin bina öz adını XIV əsrdə onu təmir etdirən Ahi Şerafettindən alıb. "Aslanhane" adı isə məscidin həyətindəki türbənin divarına hörülmüş, antik dövrlərə aid olan aslan heykəllərindən qaynaqlanır.
Aslanhane məscidini digər ibadətgahlardan fərqləndirən əsas cəhət onun interyeridir. Bu tikili "Ağac sütunlu məscidlər" qrupuna daxildir. Məscidin daxilində damı saxlayan 24 ədəd nəhəng şam ağacı dirəyi yerləşir. Bu dirəklərin başlıqları antik Roma və Bizans dövrlərinə aid Korinf üslubunda mərmərlərlə bəzədilmişdir. Bu da binaya təkrarsız eklektika bəxş edir.
Məscidin daxili tərtibatında Səlcuqlu sənətinin zirvəsi sayılan iki element xüsusilə diqqət çəkir. Gips oyma texnikası ilə işlənmiş, firuzəyi rəngli saxsı mozaikalarla bəzədilmiş mehrab Anadolu sənətinin ən gözəl nümunələrindən biridir. Qoz ağacından, "kündekari" texnikası (mix və yapışqan istifadə etmədən taxtaların bir-birinə keçirilməsi) ilə düzəldilmiş minbər isə dövrün ən incə dülgərlik işidir. Minbərin üzərindək həndəsi naxışlar və bəzəklər heyrət doğurur.
Kənardan olduqca sadə bir bina təsiri bağışlasa da, qapıdan içəri addım atan hər kəsi nəhəng meşəni xatırladan ağac sütunlar və mistik atmosfer qarşılayır. "Ahi Şərafəddin" Türk-İslam sivilizasiyasının estetik dühasının 800 illik şahididir.

Atakule
Ankaranın müasir simasını simvolizə edən ən görkəmli tikili heç şübhəsiz ki, Atakuledir. Şəhərin mərkəzi nöqtələrindən biri olan Çankaya səmtində yerləşən bu qüllə, paytaxtın hər tərəfindən görünür. Bu görkəmli memarlıq abidəsi Ankaraya gələn turistləri də özünə cəlb edir. Atakule 1989-cu ilin oktyabr ayında-Ankaranın paytaxt olmasının 66-cı ildönümündə açılmışdır. Türkiyənin ilk ticarət mərkəzlərindən biri olmaqla yanaşı, həm də paytaxtın ilk panoramik müşahidə qülləsi kimi də fəaliyyət göstərir.
Memar Ragıp Buluç tərəfindən layihələndirilən qüllənin hündürlüyü 125 metrdir. Qüllənin ən maraqlı yeri 360 dərəcə dönə bilən restoranıdır. Təxminən bir saat ərzində tam dövrə vuran restoran sayəsində qonaqlar oturduqları yerdən Ankaranın bənzərsiz mənzərəsini seyr edə bilirlər. Qüllənin gövdəsi betondan, üst hissəsi isə polad konstruksiyadan inşa edilmişdir.
Atakule sadəcə bir qüllə deyil, həm də sosial həyatın mərkəzidir. Onun aşağı hissəsində yerləşən ticarət mərkəzi dünyanın məşhur markalarını, kafeləri və kinoteatrları özündə birləşdirir. Qüllənin adı isə Ankara sakinləri arasında aparılan sorğu nəticəsində müəyyən edilmişdir.
Telegram kanalımız