Bakı, 29 yanvar, P.Qafarova, AZƏRTAC
Uşaq hüquqları ilə bağlı qanunvericiliyin yenilənməsi və bir sıra kodekslərə paralel dəyişikliklərin nəzərdə tutulması Azərbaycanda bu sahədə daha sistemli və müasir hüquqi yanaşmanın formalaşdığını göstərir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Aydan Rəhimli deyib.
O qeyd edib ki, xüsusilə zorakılıqdan müdafiə, fərdi məlumatların qorunması və uşağın fikrinin nəzərə alınması ilə bağlı normaların gücləndirilməsi uşaq hüquqlarının müdafiə mexanizmlərinin uzunmüddətli perspektivdə effektivliyinə birbaşa təsir edəcək.
“Hüquqi baxımdan bu dəyişikliklərin əsas üstünlüyü uşaq hüquqlarının ayrı-ayrı normativ aktlarda pərakəndə şəkildə tənzimlənməsindən imtina edilərək, vahid və əlaqəli hüquqi çərçivənin formalaşdırılmasıdır. Paralel qanunvericilik dəyişiklikləri normativ boşluqların və ziddiyyətlərin aradan qaldırılmasına, hüquq-mühafizə və məhkəmə orqanlarının uşaq hüquqları ilə bağlı məsələlərdə daha ardıcıl və proqnozlaşdırılan qərarlar qəbul etməsinə imkan yaradır.
Zorakılıqdan müdafiə ilə bağlı normaların genişləndirilməsi uşaq hüquqlarının müdafiəsində preventiv yanaşmanı gücləndirir. Uşaqlara qarşı zorakılığın yalnız fiziki deyil, psixoloji və digər formalarının da hüquqi müstəvidə tanınması dövlətin bu sahədə pozitiv öhdəliklərini genişləndirir və erkən müdaxilə mexanizmlərinin işə düşməsinə şərait yaradır. Bu isə zorakılıq hallarının daha tez aşkarlanmasına və qarşısının alınmasına xidmət edir”, - deyə vəkil vurğulayıb.
Aydan Rəhimli diqqətə çatdırıb ki, fərdi məlumatların qorunması ilə bağlı normaların uşaq hüquqları kontekstində dəqiqləşdirilməsi rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır: “Bu yanaşma uşağın şəxsi həyatının toxunulmazlığını gücləndirməklə yanaşı, valideyn hüquqları ilə uşağın maraqları arasında hüquqi balansın qorunmasına imkan verir və beynəlxalq hüquq standartları ilə uyğunluğu artırır.
Uşağın fikrinin nəzərə alınması prinsipinin qanunvericilikdə daha aydın şəkildə təsbit edilməsi isə uşaq hüquqlarına münasibətdə paternalist yanaşmadan imtina edildiyini göstərir. Bu prinsip uşağın qərar qəbuletmə proseslərində passiv obyekt deyil, hüquqları olan subyekt kimi qəbul edilməsinə, məhkəmə və inzibati qərarların legitimliyinin artmasına şərait yaradır”.
“Ümumilikdə, nəzərdə tutulan dəyişikliklər uşaq hüquqlarının müdafiəsini ayrı-ayrı tədbirlər toplusu kimi deyil, davamlı və sistemli dövlət siyasəti kimi formalaşdırmağa yönəlib. Bununla belə, bu normativ yeniliklərin real təsiri yalnız qanunvericilik səviyyəsində deyil, eyni zamanda effektiv icra mexanizmləri və institusional koordinasiya ilə tamamlanacağı halda özünü göstərəcək. Məhz bu yanaşma uzunmüddətli perspektivdə Azərbaycanda uşaq hüquqlarının müdafiə sisteminin daha funksional və səmərəli olmasına zəmin yarada bilər”, - deyə Aydan Rəhimli əlavə edib.