AZ

İKT nailiyyətləri özü ilə süni zəkanın bəlalarını da gətirir...



Azərbaycanda süni intellektin inkişafı ilə bağlı dövlət siyasəti mövcuddur. İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) ən böyük nailiyyəti olan süni intellektin ölkəmizdə inkişafı üçün bir sıra tədbirlər görülüb.

Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə 2025-2028-ci illəri əhatə edən “Süni İntellekt Strategiyası” təsdiq edilib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yaydığı məlumatda qeyd olunur ki, bu sənəd ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt ekosistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi daşıyır.

Strategiyanın əsas məqsədləri sırasında qeyd edilən sahədə innovasiya və rəqəmsal inkişafın təşviqi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, süni intellekt əsaslı məlumat idarəetməsinin təşkili, ixtisaslı kadr hazırlığı, bilik və bacarıqların genişləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, məlumat təhlükəsizliyi və etik qaydalara əsaslanan idarəetmə mexanizmlərinin qurulması yer alır.

Süni intellektin inkişafı üçün əsas infrastruktur tədbirləri çərçivəsində yüksəksəviyyəli hesablama resurslarının qurulması, açıq məlumat bazalarının yaradılması və süni intellektin müxtəlif istiqamətlərdə, xüsusilə Təbii Dil Emalı texnologiyalarında tətbiqi nəzərdə tutulur. Məlumat keyfiyyətinin artırılması və böyük həcmli verilənlərin effektiv şəkildə emal edilməsi üçün milli məlumat strategiyasının hazırlanması planlaşdırılır.

Bununla yanaşı, süni intellekt sahəsində akademik tədqiqatlara dəstək verilməsi və ali təhsil müəssisələrində yeni tədris proqramlarının tətbiq olunması da əsas prioritetlərdəndir. Konsepsiya çərçivəsində beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsi də nəzərdə tutulur. Strategiyaya əsasən, süni intellekt sahəsində startap ekosisteminin inkişafı üçün investisiyaların artırılması, süni intellektin kommersiyalaşdırılmasını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsi, startap və sahibkarların dəstəklənməsi, yerli və xarici investorların bu sahəyə cəlb edilməsi planlaşdırılır.

Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin genişləndirilməsi, o cümlədən güzəştli kreditlərin verilməsi ilə bağlı tədbirlər görüləcək.

Süni intellekt texnologiyalarının etik istifadəsi və təhlükəsizliyinin təmin edilməsi strategiyanın mühüm istiqamətlərindən biridir. Bu məqsədlə tənzimləyici çərçivənin yaradılması, süni intellekt alqoritmlərinin şəffaflığının təmin edilməsi, məlumat qərəzinin aradan qaldırılması və kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək.

Eyni zamanda ictimaiyyətin süni intellekt texnologiyalarına dair məlumatlılığının artırılması və onlardan istifadənin cəmiyyət üçün faydaları barədə maarifləndirici kampaniyaların aparılması nəzərdə tutulur. Yeni strategiyanın həyata keçirilməsi Azərbaycanı süni intellekt texnologiyalarının inkişafı sahəsində regionda liderlər sırasına daxil edəcək və ölkənin rəqəmsal inkişafına mühüm töhfə verəcək. Bu strategiya, həmçinin süni intellekt ekosisteminin formalaşdırılması və ölkənin qlobal süni intellekt platformalarında aktiv iştirakını təmin etmək üçün bir yol xəritəsi kimi çıxış edəcək.

Azərbaycanda süni intellektinnailiyyətlərindən müsbət istiqamətdə istifadə edənlərlə yanaşı ondan müxtəlif çirkin məqsədlər üçün istifadə edənlər də çoxdur. Ölkədə süni intellektin nailiyyətlərindən sui-istifadə hallarının olması yolverilməzdir.

Bu gün süni intellekdən istifadə dünyada geniş vüstət alıb. Azərbaycanda da bu belədir. Süni intellektdən istifadə sadə vətəndaşlar üçün belə əlçatandır. Bu yaxşıdır, amma bundan şantaj, dezinformasiya yaymaq üçün istifadə edəndə böyük mənəvi fəlakətlərə səbəb olur.

Gerçəklik budur ki, həyatımıza daxil olan süni intellekdən necə istifadə etməli olduğumuzu çoxlarımız bilmirik.

Süni intelektdən elmdə, səhiyyədə, təhsildə və sairdə sahələrdə qaydasında istifadə yaxşıdır və bu həmin sahələrin inkişafına təkan verir. Amma süni intellektdən istifadə edib dünyasını dəyişən yaxınlarının məzar daşlarına QR kod qoymaq, ölünün görüntüsü ilə üzləşmək kimi təəssüfdoğurucu hallar da var. Faktiki olaraq, ölüləri qəbirlərindən çıxarıb süni intellekt vasitəsilə canlandırdılar. Bu olduqca mənfi bir haldır.

Eyni zamanda görüsən ki, kimsə süni intellektdən istifadə edib uşaq obrazları yaradır və onun dili ilə cəmiyyəti, insanları söyür, təhqir edir. Mətbuatda gedən bir fakir diqqətimizi çəkdi. Yazılır ki, süni intellektə hansısa bir uşağın fotosu göndərib filan söyüşlə video hazırlaması əmri verilir və nəticədə ortaya çoxsaylı söyüş videoları çıxır...

Yaxud hansısa dövlət məmurunun, vəzifə sahiblərinin, rəsmi şəxslərin sözündən, səsindən istifadə feyk informasiyalar hazırlanır süni intellekt vasitəsilə. Dövlət başçılarından tutmuş kiçik məmurlara, sənət adamlarına, şou ulduzlarına, idmançılara və sairə qədər süni intellekt vasitəsilə xoşa gəlməz məsələlər edilir. Bir də görüsən ki, illər əvvəl dünyasını dəyişən bir tarixi şəxsiyyəti süni intellekt vasitəsilə canlandırırlar, hətta bunu elə edirlər ki, süni olduğuna adam inanmır. Süni intellek gerçəklə yalan arasında nələrsə yaradır və bunlar da qətiyyən xoşagələn deyil.

Hələ biz sənət əsərlərinin, mahnıların başına açılan oyunlardan, radiolarımızın gecə-gündüz süni intelletin “oxuduğu” mahnıları təqdim etməsindən danışmırıq. Sünki intellekt bu sənətə, ədəbiyyarta, jurnalistikaya elə də bütün sahələrlə xeyir verməklə yanaşı zərər də vurur.

Süni intellekt İKT-nin ən böyük çağdaş nailiyyətlərindən olsa da, ondan həm Azərbaycada, həm də qlobal dünyada geniş şəkildə sui-istifadə olunur. Bu isə yolverilməzdir.

Qeyd etdiyimiz kimi Prezident İlham Əliyev tərəfindən 2025-2028-ci illəri əhatə edən “Süni İntellekt Strategiyası” təsdiq edilib. Süni intellektdən istifadə də həmin strategiyaya uyğun olmalıdır.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.

Seçilən
10
baki-xeber.com

1Mənbələr