AZ

Zəngəzur elektrik ötürmə xətti Azərbaycan-Türkiyə-Avropa enerji və nəqliyyat dəhlizinin lokomotividir ŞƏRH

Bakı, 29 yanvar, AZƏRTAC

“Zəngəzur” elektrik ötürmə xəttinin tikintisi, Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerjisi sistemi ilə birləşdirilməsi, eyni zamanda, Azərbaycan–Türkiyə–Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir. Burada söhbət elektrik enerjisinin sabit və dayanıqlı ötürülməsindən gedir. Belə ki, bu layihə regional bağlantı olmaqla yanaşı, qitələrarası enerji və logistika xəritəsini yenidən formalaşdıran layihədir. Bu, Azərbaycan tarixinin ən iri enerji layihələrindən biri kimi qiymətləndirilir. Layihə, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının ölkənin vahid enerji sisteminə tam inteqrasiyasını, muxtar respublikanın tezlik tənzimlənməsində xarici ölkələrdən asılılığının aradan qaldırılmasını, həmçinin Avropanın enerji bazarlarına çıxış imkanlarının yaradılmasını təmin edəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycanın elektrik enerjisi potensialı ölkənin iqtisadi inkişafı, enerji təhlükəsizliyi və beynəlxalq mövqeyinin güclənməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu potensial həm ənənəvi, həm də bərpaolunan enerji mənbələrinin səmərəli istifadəsinə əsaslanır. Belə layihələrin icrası Azərbaycanın geostrateji mövqeyinin möhkəmlənməsinə zəmin yaradır. Bu gün Avropa üçün əsas prioritetlərdən biri enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsidir. Bu mənada Zəngəzur xətti alternativ marşrut kimi Cənub Qaz Dəhlizini tamamlayır. Bu da Azərbaycanın etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir. Beynəlxalq təcrübə göstərir ki, alternativ marşrutlar geosiyasi riskləri azaldır, eyni zamanda, regional güclər arasında balansı möhkəmləndirir.

“Zəngəzur xətti Azərbaycan–Türkiyə–Avropa enerji və nəqliyyat dəhlizinin lokomotividir. Bu layihə Azərbaycanın regional liderliyini gücləndirir, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Layihənin növbəti mərhələsində isə Zəngəzur dəhlizini keçməklə 44 kilometr məsafədə əlavə ötürmə xətti inşa ediləcək. Həmin xətt gələcəkdə Ağbənd və Ordubad istiqamətində çəkilən xəttə birləşdiriləcək. Nəticə etibarilə, Avropaya uzanan enerji xətlərinin səmərəliliyi artacaq və regional enerji təhlükəsizliyi daha da güclənəcək”, - deyə Nigar Məmmədova vurğulayıb.

Seçilən
73
41
azertag.az

10Mənbələr