AZ

Artıq müharibələrdə robotlar döyüşəcək? - AÇIQLAMA

Sosial mediada yayılan bir videoda tarixdə ilk dəfə əsgərlər robota təslim olub. Belə ki, hadisə Ukrayna müharibəsində yaşanıb. Yayılan görüntülərdə Rusiyanın 3 əsgərinin Ukraynanın yerüstü robot kompleksinə təslim olduğu əksini tapıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirdi ki, mülki sahədə dronların, pilotsuz uçuş aparatlarının (PUA) istifadəsindən əvvəl onların hərbi sahədə tətbiq olunduğunu gördük:

"Eyni zamanda, bu gün həyatımızda mövcud olan rabitə sistemləri və digər texnologiyalar da ilk növbədə hərbidə, müdafiə sənayesi sahəsində tətbiq edilib, sınaqdan keçirilib və yalnız bundan sonra mülki sahəyə inteqrasiya olunub, mülki istifadəyə verilib. Hesab edirəm ki, məhz hərbin robotlaşması və hərbi sahədə insansız vasitələrdən istifadənin artması da qeyd olunan bu məqama gətirib çıxaracaq. Tutaq ki, 30 il bundan əvvəl biz insansız, pilotsuz hansısa bir qurğunun hərəkət etdiyini görə bilərdikmi? Xeyr, əsla. Bu cür texnologiyalar yalnız hərbin müxtəlif sahələrində tətbiq olunurdu. Sonrakı mərhələlərdə isə bu proses tədricən mülki həyata da keçid etdi. Robotlaşmanın da bu istiqamətdə davam etdirilməsini yəqin ki, müəyyən bir dövrdən sonra açıq şəkildə görə biləcəyik. Bu baxımdan, hazırkı mərhələdə artıq hərbi sahədə robotlaşmanın şahidi oluruqsa, demək olar ki, bu proses gələcəkdə kütləvi xarakter alacaq. Yaxın bir neçə onillikdə ordu birləşmələrində məhz bu vasitələrdən geniş şəkildə istifadə ediləcək".

Ekspert bir məqamı da qeyd etdi ki, Azərbaycan da bu proseslərdə aktivlik göstərir və bu istiqamətdə yer almağa çalışır:

"Məsələn, Azərbaycan Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarının yaradılması və onlardan istifadə olunması istiqamətində mühüm addımlar atır. Hətta artıq Azərbaycanda insansız qoşun növləri də mövcuddur ki, bu da gələcəkdə bu prosesin daha da aktivləşəcəyinə, bu avadanlıq və texnologiyalardan daha geniş istifadə olunacağına işarədir. Yəni gələcək süni intellektindir, robotlaşmış ordu birləşmələrinindir və texnologiyalarındır. Məqsəd döyüş əməliyyatlarının həyata keçirilməsində insan faktorundan maksimum dərəcədə az istifadə etmək, əvəzində texnologiyalardan və robot sistemlərindən maksimum səviyyədə yararlanmaqdır".

Nuriyyə NATİQQIZI

Seçilən
15
redaktor.az

1Mənbələr