Azərbaycan Çadla əməkdaşlığın bütün sahələrini əhatə edəcək fəaliyyət planının qısa müddətdə hazırlanması məsələsini razılaşdırıb.
"Far.Az" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) istinadən xəbər verir ki, bu, nazir müavini Samir Məmmədovun Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri Boukar Mişel ilə görüşündə baş tutub.
Bildirilir ki, bu məqsədlə Azərbaycandan mütəxəssislərin Çada səfəri gözlənilir. Çad data mərkəzinin yaradılması istiqamətində də ölkəmizin təcrübəsini öyrənəcək.
Görüşdə iki ölkə arasında İKT sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Ölkəmizdə bu sahədə həyata keçirilən layihələr, xüsusilə "mygov" platforması, SİMA rəqəmsal imza sistemi barədə məlumat verilib. Azərbaycanın rəqəmsal inkişaf təcrübəsinin Çadda tətbiqi imkanları nəzərdən keçirilib.
Bununla yanaşı, kibertəhlükəsizlik, Çadda insan kapitalının inkişafı istiqamətində Azərbaycanın mümkün dəstəyi, tələbələrin ölkəmizdə İKT sahəsində təlimlərə cəlb olunmasına dair fikir mübadiləsi aparılıb.