Analitik şirkət "Counterpoint Research" 2025-ci ilin yekunlarına görə dünyada ən çox satılan smartfonların reytinqini dərc edib.
Redaktor.az xəbər verir ki, qlobal bazarın lideri iPhone 16 olub. İlk onluğa daxil olan modellərin ümumi payı dünya üzrə smartfon satışlarının təxminən 19 faizini təşkil edib.
Reytinqdə Apple 7 model ilə üstünlük qazanıb, Samsung isə 3 mövqe ilə təmsil olunub. Analitiklərin fikrincə, bu iki istehsalçının kütləvi bazarda üstünlüyü artıq dördüncü ildir ki, davam edir.
Mütəxəssislər iPhone 17 seriyasına yüksək tələbatın olduğunu qeyd ediblər. Buraxılışdan sonrakı ilk rübdə satışlar əvvəlki nəsillə müqayisədə 11 faiz artıb. Satış artımında əsas pay baza versiyası olan iPhone 17 və Apple ekosisteminə “giriş modeli” kimi qiymətləndirilən iPhone 16e-yə məxsusdur. Xüsusilə ABŞ və Yaponiya bazarlarında bu modellər güclü nəticələr göstərib.
Android əməliyyat sistemli cihazlar arasında 2025-ci ildə dünyanın ən çox satılan smartfonu Samsung Galaxy A16 5G olub. Ekspertlər modelin uğurunu qiymət və texniki göstəricilərin balansı ilə izah edirlər. İlk onluğa həmçinin flaqman Samsung Galaxy S25 Ultra da daxil olub.
Beləliklə, ilk üç yeri iPhone 16, iPhone 16 Pro Max və iPhone 16 Pro tutub. Onları iPhone 17 Pro Max, Samsung Galaxy A16 5G, Galaxy A06 4G, iPhone 17, iPhone 15, Galaxy S25 Ultra və iPhone 16e izləyib.
Counterpoint Research analitikləri xəbərdarlıq edirlər ki, qlobal miqyasda yaddaş çatışmazlığının davam etməsi yaxın dövrdə smartfon qiymətlərinə təzyiq göstərəcək. Ən ciddi təsirin isə büdcə və orta qiymət seqmentində, xüsusilə Yaxın Şərq, Afrika və Latın Amerikası kimi inkişaf etməkdə olan bazarlarda hiss olunacağı gözlənilir.
Nuriyyə NATİQQIZI