AZ

Nadir Nəbiyev: "Çempionlar Liqasının pley-offunda "Qarabağ" üçün daha münasib rəqib "Nyukasl"dır"

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" üçün daha münasib rəqib "Nyukasl"dır.

Bunu "Far.Az"a açıqlamasında Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev deyib.

Azərbaycan millisinin sabiq hücumçusu potensial rəqiblər - PSJ və "Nyukasl" barədə danışıb:

"Azarkeşlərimiz yəqin ki, dünya ulduzlarına görə PSJ-nin rəqib olmasını istəyərlər. Çox güclü heyətə malik komandadır. Lakin mən bunu istəməzdim. Nisbətən münasib rəqib kimi "Nyukasl"ı görürəm. Hər halda, "Qarabağ" üçün rəqibin fərqi yoxdur, onlar hər zaman hücum futbolu oynamağa çalışırlar. Ümid edirəm ki, püşkatma bizim üçün uğurlu olar".

O, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunda baş tutan "Liverpul" - "Qarabağ" matçını da dəyərləndirib:

"İngiltərə və Azərbaycan futbolunu müqayisə etmək çətindir. "Qarabağ"dan qələbə gözlədiyimi desəm, yalan olar. Amma komanda mübarizə apardı. Nəticədən asılı olmayaraq, mən komandanın uğurundan danışmaq istəyirəm. "Qarabağ" gözlənilməz şəkildə pley-offa çıxdı. Qələbə haqqında düşünmədiyimiz halda komanda 10 xal toplayaraq "Atletik" və "Napoli" kimi klubları geridə qoydu. Bu komandalar heç "24-lüy"ə düşə bilmədilər. Düzdür, "Liverpul"la oyunda ağır məğlubiyyətlə üzləşdilər. Amma "Qarabağ"ın pley-offa vəsiqə qazanması həqiqətən gözəl nəticədir".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.

Seçilən
15
far.az

1Mənbələr