Bəzi hallarda bazarlarda turşuların üzəri açıq formada satıldığını şahidi oluruq. Hətta bəzən turşular rəng alsın deyə onlara əlavə rəngləndiricilərin qatıldığı da deyilir.
Bəs turşuların açıq satılması və rənglənməsi nə dərəcədə təhlükəlidir?
Qida eksperti Fərid Səfərov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, turşuların üzərinin açıq satılması həm sağlamlıq, həm də gigiyena baxımından diqqət olunmalı məqamdır:
"Bəzi bazarlarda turşular açıq qabda və ya vedrədə təqdim olunur. Bunun bir neçə riski var. Hava ilə təmas olduqda ətrafdan toz, həşərat, mikroorqanizmlər düşə bilər. Xüsusilə evdə hazırlanmış turşular, düzgün soyudulmazsa, salmonella, listeriya kimi zərərli bakteriyaların inkişafı mümkündür".
Mütəxəssis turşuların rənglənməsindən də danışdı:
"Bəzi satıcılar turşuları daha cazibədar göstərmək üçün süni rəng və konservantlardan istifadə edə bilər. Turşulara süni rəng qatmaq qanuni baxımdan qadağandır. Problem ondadır ki, bazar şəraitində təhlükəsizliyə nəzarət olunmur. Bu zaman allergik reaksiyalar, uzun müddətli sağlamlıq problemləri, həzm sistemi narahatlıqları, qida zəhərlənməsi halları baş verir. Turşu alarkən diqqət edin, rəngi çox parlaq və qeyri-təbii görünürsə, ehtiyatlı olmaq lazımdır. Açıq turşu alırsınızsa, üzəri qapalı, təmiz və soyudulmuş olmasına diqqət edin. Alınan turşunu tez istifadə edin, uzun müddət saxlamayın. İdeal variant: qapalı, etiketli, nəzarətli məhsullar və ya evdə təmiz şəraitdə hazırlanmış turşudur".
Aytəkin TOFİQQIZI