ain.az, Sherg.az portalına istinadən məlumat verir.
Naşı ustalar insan həyatını riskə atır, evdə hər an qaz təhlükəsi var
Paytaxtda yenə dəm qazından zəhərlənmə hadisəsi baş verib. Hadisə Nizami rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb. Kirayədə yaşayan Qənbəralıyev İmran Teymur oğlu və Məmiyev Ramazan Rafiq oğlu dəm qazının təsirindən zəhərləniblər. Hadisə nəticəsində Ramazan Məmiyev hadisə yerində ölüb, İmran Qənbəralıyev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.
Bu, artıq neçənci hadisədir ki baş verir. Gah mənzillərdə, gah hamam otağında dəm qazından zəhərlənmə və ölüm halları qeydə alınır. Hər dəfə də “faktla bağlı araşdırma aparılır”, məlumatı verilir. Dəm qazı niyə, nədən yaranıb, sualının bir cavabı olur: qeyri-standart cihazlar, sobalar, hamam otağında nəfəslik, dəliyin olmaması... Bəs bu kimi hallara nəzarət edəcək qurum yoxdurmu? “Azəriqaz” sayğac dəyişib, qaz pulu qəbzi təqdim etmək işinə baxır ancaq. İnsanların həyatı, təhlükəsizlik heç bir qurumu düşündürmür. Xəbərdarlıq etməklə işlərini bitmiş hesab edirlər. Kirayədə yaşayan adam sobanın keyfiyyətinə diqqət edəcək, ya da onu dəyişdirəcək imkana malik deyil. Yəni, insanların həyatı bu qədər dəyərsizdir?!. Xarici ölkələrdə yaşayan həmyerlilərimiz bildirir ki, bəzi şəhərlərdə yerli bələdiyyələr, kommunal xidmət idarələri mənzillərdə dedektorlar quraşdırır. Təkcə sayğacla kifayətlənmir, dəm qazına qarşı dedektorlar da quraşdırılır. Və vaxtaşırı qaz boruları, mənzillərə qaz sızmasının olub-olmadığı yoxlanılır, üstəlik də dedektorlar təhlükəsizliyi təmin edir. Bu işləri bizim ölkədə icra etmək çətin olmasın gərək. Sabit tarif üçün toplanan ödənişlərdən heç olmasa təhlükəsizik üçün də istifadə etsinlər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, dedektorların qiyməti satışda 15-20 manat arasıdır. Vətəndaşlar öz təhlükəsizliklərini düşünüb dedektor alıb mənzildə quraşdıra bilər:
- Evə, mənzilə qaz çəkilirsə, dedektorlar da quraşdırılmalıdır. Bunu rəsmi orqanlardan gözləməyinə dəyməz. “Azəriqaz” binaların girişinə qədər, sayğaca qədər məsuliyyət daşıyır. Ondan sonra mənzillərə qaz, su, işıq çəkilməsi mənzil sakininin öz öhdəsində qalır. Burada da problemlər yaranır. Çox vaxt naşı, özünü usta adlandıran adamlar bu işləri görür və təhlükəsizlik qaydalarını bilmədiklərindən yanlışlıqlara yol verirlər. Yaxşı olar ki, kommunal xidmətlər, kommunal təsərrüfat idarələri nəzdində peşəkarlardan, ustalardan ibarət xüsusi briqadalar olsun. Sayğac quraşdırıldıqdan sonra cihazların qoyulması həmin briqadalar tərəfindən icra olunsun. İxtisaslaşmış briqadalar bu işləri görsünlər, paralel olaraq dedektorlar da quraşdırılsın. Bu işi bələdiyyələr, yerli icra hakimyyəti orqanları, ərazilər üzrə qaz istismar idarələri edə bilər. Bu yoxdursa, məsələ vətəndaşın üzərində qalır. Sayğacdan sonrakı mərhələdə mənzilə təbii qazın çəkilişini kim üzərinə götürürsə, o da bunu etməlidir. Ən azından təklif verməlidir, xəbərdar etməlidir ki, təhlükəsizliyiniz üçmün dedektor quraşdırın. Kimlərsə mənzilini kirayə verir, ucuz mənzillərdə qalır insanlar, ehtiyac üzündən. Mənzil sahibi də köhnəlmiş, qaz sızdıran soba quraşdırır, insanlar həyatları ilə vidalaşır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.