AZ

Paşinyanın Qarabağ mövqeyi-müxalifətin simvolik tənqidlərinə qarşı- ÖZƏL 

Ermənistanın  Vergilər Komitəsinin  keçmiş   sədri David Ananyan Baş nazir Nikol Paşinyanı beynəlxalq aləmdə "məğlubiyyət simvolu" adlandıraraq kəskin tənqid edib. O, Paşinyanın KTMT arqumentini dəyərsiz sayaraq, ölkənin gələcəyində bu hakimiyyətin yerinin olmadığını vurğulayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib: 
" Seçkilərdən əvvəl və proses yaxınlaşdıqca   Nikol Paşinyanın siyasi rəqibləri onu zəif lider kimi təqdim etməyə çalışırlar. Xüsusilə Qarabağ müharibəsindəki məğlubiyyət, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) gözlənilən, lakin alınmayan dəstək Nikol Paşinyanın ictimai nüfuzunu zəiflətmək üçün əsas arqument kimi istifadə olunur. Məqsəd onun reputasiyasına zərbə vurmaq və seçkilərin nəticələrinə təsir göstərməkdir.
Lakin reallıq ondan ibarətdir ki, Ermənistanın üzləşdiyi problemlərin tarixi Nikol Paşinyandan xeyli əvvələ gedib çıxır. Ermənistan bu problemlərin əsasını Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə qoymuşdu. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasından asılı olmayaraq, regional güc balansı artıq Azərbaycanın hərbi-siyasi üstünlüyü əsasında formalaşıb və bu balansın dəyişməsi real görünmür. 
Hazırda Ermənistan müxalifəti parçalanmış vəziyyətdədir, vahid lider və alternativ, konstruktiv proqram mövcud deyil. Onların əsas siyasi xətti Paşinyanı "torpaqları satan" və ölkəni bilərəkdən bu vəziyyətə salan lider kimi təqdim etməyə yönəlib. Məqsəd Paşinyanın legitimliyini sarsıtmaq, daxili narazılığı canlı saxlamaq və gələcəkdə siyasi mövqelər qazanmaqdır.  Bu səbəbdən də müxalifət sülh prosesində maraqlı deyil və sülh sazişinin imzalanmasına mane olmağa çalışır. Paşinyanın Qarabağ məsələsində Azərbaycanın qələbəsi nəticəsində formalaşmış yeni reallıqları qəbul etməsi isə daha çox Ermənistan cəmiyyətinə ünvanlanmış mesajdır. Çünki beynəlxalq səviyyədə bu məsələ artıq öz hüquqi-siyasi həllini tapıb və Ermənistan cəmiyyətində də getdikcə qəbul olunur ki, Qarabağ Azərbaycanın ərazisidir və Ermənistan işğalçı mövqedə olub. Paşinyan bu mövqeyi ilə həm də sülhə qarşı çıxan qüvvələrə mesaj verir ki, müharibə yolu yoxdur, status-kvo bərpa edilməyəcək. Regional kommunikasiyaların açılması həm Ermənistanın, həm də region ölkələrinin maraqlarına xidmət edir. Müxalifətin açıqlamaları isə daha çox emosional, simvolik və siyasi mübarizə xarakteri daşıyır. 
Daxildə müəyyən maneələr yaradılsa da, bu amillər sülh prosesini dayandıra bilməz. Çünki həlledici məqam Ermənistan dövlətinin siyasi iradəsindən asılı olacaq. Ermənistanın hüquqi-normativ aktlarında Azərbaycana qarşı olan ərazi iddialarının çıxarılması isə sülhü daha da yaxınlaşdıracaq və regionda davamlı sülh üçün möhkəm zəmin formalaşdıracaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr