AZ

4SİM və AzMİU arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova arasında görüş keçirilib.

TurkicWorld Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə istinadən xəbər verir ki, görüşdə AzMİU-da həyata keçirilən tədris, elmi-tədqiqat və innovasiya fəaliyyəti, eləcə də universitetdə aparılan rəqəmsallaşma təşəbbüsləri barədə məlumat verib. AzMİU nəzdində yaradılan “Süni İntellekt Mərkəzi”nin tədris, elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin əlaqələndirilməsində rolu qeyd edilib.

4SİM-in icraçı direktoru Fariz Cəfərov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, insan kapitalının inkişafına yönəlmiş “4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “Milli Proqram” haqqında məlumat verib. AzMİU-nun 600-dən çox əməkdaş və tələbəsinin proqramdan faydalanaraq “Coursera” platormasında 1000-dən çox təlimi uğurla başa vurduğu qeyd edilib.

Tərəflər “2026–2029-cu illər üzrə Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası” çərçivəsində elm-sənaye klasteri 4.0-ın formalaşdırılması, eləcə də rəqabətli insan kapitalının inkişafı istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüş çərçivəsində tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd Sənaye 4.0 və süni intellekt sahələrində birgə təşəbbüslərin həyata keçirilməsini, elmi-tədqiqat fəaliyyətləri və qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsini, habelə innovasiya yönümlü tərəfdaşlığı nəzərdə tutur.

Görüşdən sonra AzMİU-nun müəllim və professorları üçün “Milli Proqram” barədə təqdimat keçirilib.

Seçilən
23
1
turkic.world

2Mənbələr