AZ

İranla normal münasibətlərimiz mövcuddur - Aydın Mirzəzadə

Yazını böyüt
Yazını kiçilt

Ölkəmizin hər hansı bir dövlətlə münasibətləri üçüncü tərəflərə qarşı yönəlmir"

İran ətrafında vəziyyət gərgin olaraq qalır. ABŞ-la yenidən hərbi qarşıdurma riski artır. Belə bir məqamda İsrailin xarici işlər naziri Azərbaycana səfər edir və ikitərəfli əlaqələr müzakirə olunur. Digər tərəfdən, gələn ay ABŞ vitse-prezidenti Jey Di Vensin Azərbaycan və Ermənistana səfəri planlaşdırılır.

Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Aydın Mirzəzadədir:

- Bu gün Azərbaycan-İsrail əməkdaşlığı hansı fazaya keçir və regionda nəyi dəyişir?

- Azərbaycan və İsrail bu gün normal qonşuluq münasibətləri səviyyəsində əlaqələrə malikdirlər. Hər iki ölkə bir-birinin müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edir, eyni zamanda ortaq milli maraqların kəsişdiyi məqamları daim diqqətdə saxlayır. İsrailin Azərbaycana təqdim etdiyi texnika və texnologiyalar ölkəmizin iqtisadi inkişafında, xüsusilə də kommunal infrastrukturun yenidən qurulmasında mühüm rol oynayıb. Uzun fasilədən sonra Azərbaycanın İsraildə, eləcə də Fələstində diplomatik səfirlik açması ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ hesab olunur. Son günlər İsrailin xarici işlər nazirinin Azərbaycana səfəri də əlaqələrin yeni sahələr üzrə genişləndirilməsi baxımından əhəmiyyətlidir.

- ABŞ Vitse-prezidentinin Azərbaycan səfəri zamanı İrana qarşı ərazilərimizdən istifadə edilməsi məsələsi ortaya qoyula bilərmi?

- Azərbaycan digər dövlətlərin daxili işlərinə qarışmır və eyni zamanda öz daxili işlərinə xarici müdaxiləyə heç vaxt imkan vermir. Bu baxımdan, ölkəmizin hər hansı bir dövlətlə münasibətləri üçüncü tərəflərə qarşı yönəlmir. İstər Azərbaycan–İsrail münasibətləri olsun, istərsə də digər ölkələrlə əlaqələr – bütün münasibətlər sırf ikitərəfli xarakter daşıyır və heç vaxt başqa dövlətlərin maraqlarına zidd qurulmur. Beləliklə, Azərbaycan beynəlxalq hüquq normalarına hörmət etdiyini və milli maraqlarını hüququn verdiyi imkanlar çərçivəsində qoruduğunu bir daha nümayiş etdirir. Dövlətimizin mövqeyi ondan ibarətdir ki, istər ABŞ-la, istərsə də digər ölkələrlə münasibətlər diplomatik yollarla tənzimlənsin və hər hansı gərginlik, eskalasiya yaranmasın.

- İranın İsrail, ABŞ-la mövcud gərginliyinin bir ucu Zəngəzur dəhlizi ilə bağlı prosesə təsir edəcək? Məlumdur ki, ABŞ regiondakı təsirinin artması ilə birlikdə, dəhlizin çəkilişində də məsul tərəflərdən biri kimi çıxış edir. İran-ABŞ gərginliyi dəhlizin qurulmasına hansı əks təsirini göstərə bilər?

- İran Azərbaycanın qonşu dövlətidir və iki ölkə arasında normal münasibətlər mövcuddur. Azərbaycan İranın öz daxili problemlərini müstəqil şəkildə həll etməsini arzulayır. Cənub dəhlizi məsələsi üçüncü tərəflərə aid deyil, bu, Azərbaycan və Ermənistan arasında olan məsələdir. ABŞ-ın vasitəçiliyi ilə kommunikasiyaların açılması, o cümlədən “Tramp marşrutu” adlandırılan xəttin reallaşdırılması gündəmdədir və hər iki tərəf bu təşəbbüsə razılıq verib.

Hesab olunur ki, yaxın zamanlarda bu layihə praktiki mərhələyə keçəcək. Bu isə həm Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasına, həm də Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında sərbəst gediş-gəlişin təmin olunmasına şərait yaradacaq. ABŞ Prezidenti dəfələrlə bu prosesə dəstək ifadə edib və görünən odur ki, Vaşinqton tərəflər arasında münasibətlərin diplomatik müstəvidən real qonşuluq münasibətləri səviyyəsinə keçməsində maraqlıdır.

Ümumilikdə, dünya siyasəti açıq maraqlar üzərində qurulub və böyük dövlətlərin müxtəlif regionlarda öz maraqları var. Azərbaycan bu maraqlara hörmətlə yanaşır, lakin heç bir halda həmin maraqların ölkəmizin milli maraqlarını kölgədə qoymasına razı ola bilməz. Digər dövlətlər isə öz aralarındakı münasibətləri müstəqil şəkildə tənzimləmək hüququna malikdirlər.

Tahirə Qafarlı

Seçilən
5
hafta.az

1Mənbələr