AZ

"Sahibə Qafarovanın səfəri Azərbaycan–Oman əlaqələrinin dərinləşməsinə xidmət edir" -ŞƏRH EDİLDİ

"Milli Məclisin sədri Sahibə Qafarovanın Oman Sultanlığına rəsmi səfəri Azərbaycan xarici siyasətində Yaxın Şərq istiqamətinin getdikcə daha sistemli və institusional xarakter aldığını göstərir. Bu səfər təkcə protokol xarakterli deyil, eyni zamanda parlament diplomatiyasının genişləndirilməsi və ikitərəfli siyasi dialoqun yeni mərhələyə keçirilməsi baxımından əhəmiyyətli hadisə kimi dəyərləndirilə bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan–Oman münasibətləri indiyədək əsasən siyasi etimad və qarşılıqlı hörmət prinsipləri üzərində qurulub: "Lakin son illərdə regional və qlobal proseslər fonunda bu əlaqələrin daha konkret sahələr üzrə dərinləşdirilməsi zərurəti yaranıb. Məhz bu kontekstdə Milli Məclis sədrinin səfəri qanunverici orqanlar arasında əməkdaşlığın institusional əsaslarını möhkəmləndirməyə, parlamentlərarası təmasları aktivləşdirməyə xidmət edir. Səfər çərçivəsində keçiriləcək görüşlərdə siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlıq, investisiya imkanları, enerji, logistika və humanitar sahələrdə perspektivlərin müzakirə olunacağı gözlənilir. Oman Körfəz regionunda sabit və balanslaşdırılmış xarici siyasət yürüdən dövlətlərdən biri kimi tanınır və bu ölkə ilə əlaqələrin gücləndirilməsi Azərbaycanın Yaxın Şərqdə etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Bu səfər Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunun məntiqi davamıdır. Parlament diplomatiyası vasitəsilə qurulan əlaqələr klassik diplomatik kanalları tamamlayaraq, dövlətlərarası münasibətlərin daha dayanıqlı və uzunmüddətli xarakter almasına şərait yaradır. Eyni zamanda, bu cür səfərlər regional məsələlərdə mövqelərin uzlaşdırılması və qarşılıqlı dəstək mexanizmlərinin formalaşması baxımından da əhəmiyyətlidir.

Sahibə Qafarovanın Oman Sultanlığına rəsmi səfəri Azərbaycan–Oman münasibətlərinin yeni mərhələyə keçidi üçün siyasi zəmin yaradır və ölkəmizin Yaxın Şərq siyasətində parlament diplomatiyasının rolunun artdığını aydın şəkildə nümayiş etdirir. İstər ikitərəfli əməkdaşlıq, istərsə də regional kontekst baxımından bu səfərin real və praktik nəticələr doğuracağı gözlənilir".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
12
1
sia.az

2Mənbələr