FT-nin yazdığına görə, Avropa ölkələrinin cavab tarifləri tətbiq etməsi onların iqtisadi vəziyyətini daha da ağırlaşdıra bilər...
Poliqon xəbər verir ki, Bu barədə “Financial Times” (FT) nəşri Aston Universitetinin (Birmingem) yeni təhlilinə istinadla məlumat yayıb. Nəşr yazır ki, Avropa İttifaqı (Aİ) və Böyük Britaniya ABŞ-la mümkün ticarət müharibəsinə qoşularsa, bunun iqtisadi nəticələri onlar üçün Vaşinqtona nisbətən daha ağır ola bilər. Araşdırmada qeyd olunur ki, əgər ABŞ-ın sabiq prezidenti Donald Tramp Qrenlandiya məsələsi fonunda Avropa mallarına yenidən gömrük rüsumları tətbiq etmək təhdidlərini gündəmə gətirərsə, Aİ və Böyük Britaniya cavab tədbirləri nəticəsində daha böyük itkilərlə üzləşə bilər.
Təhlildə vurğulanır ki, ticarət münaqişəsi şəraitində qarşılıqlı tariflərin tətbiqi Avropanın ayrı-ayrı ölkələri üçün iqtisadi yükü artırır və bu addım ABŞ-a qarşı simmetrik cavab kimi görünsə də, faktiki olaraq Avropa iqtisadiyyatlarına daha çox zərər vurur. Araşdırmanın rəhbəri, Aston Universitetinin iqtisadiyyat professoru Cün Du bildirib ki, aparılan modelləşdirmə nəticələri cavab tədbirlərinin Avropanın hər bir ölkəsinin vəziyyətini daha da pisləşdirdiyini göstərir.
“Modelləşdirmə göstərir ki, cavab tədbirləri hər bir Avropa ölkəsinin vəziyyətini, sadəcə tarifləri qəbul etməsi ilə müqayisədə daha da ağırlaşdırır”, deyə ekspert qeyd edib.
Mütəxəssislərin fikrincə, bu nəticələr Avropa liderlərinin qarşısında duran çətin seçimi bir daha gündəmə gətirir. Belə ki, Vaşinqtonla yaranan gərginliklərə hansı formada reaksiya verilməsi, həm iqtisadi, həm də siyasi baxımdan ciddi risklər yaradır. Eyni zamanda, Avropanın ABŞ-a qarşı vahid mövqedə çıxış etməsi də asan deyil, çünki ayrı-ayrı ölkələrin öz milli maraqları və iqtisadi prioritetləri cavab tədbirlərindən yayınmaq üçün əlavə stimullar yarada bilər.
Təhlil göstərir ki, bu cür ticarət qarşıdurması Avropada daxili birlik və koordinasiya məsələsini daha da mürəkkəbləşdirir. Bir tərəfdən Aİ və Böyük Britaniya ABŞ-ın tarif siyasətinə sərt reaksiya vermək istəyir, digər tərəfdən isə cavab rüsumlarının nəticələrinin daha ağır olacağı ehtimalı onları ehtiyatlı davranmağa məcbur edir.
Poliqon.info