AZ

""Nyukasl"dansa PSJ-yə qarşı oynamaq "Qarabağ" üçün daha uyğun olardı" - İdman eksperti

Dünən “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsinin son oyununda İngiltərədə “Liverpul”a 6:0 hesabı ilə uduzub. Buna baxmayaraq, 10 xalla 22-ci yeri tutaraq pley-off mərhələsinə yüksəlib və ÇL-də bu mərhələyə adlayan ilk Azərbaycan klubu olub.

AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov Redaktor.az-a açıqlamasında bildirdi ki, dünən böyük hesablı məğlubiyyət oldu, amma komandaların real gücü məhz belə məqamlarda üzə çıxır:

"Biz hələ Çempionlar Liqasının "Liverpul" kimi nəhənglərinə qarşı mütəmadi oynamağa hazır deyilik. Bəzən müəyyən amillər hesabına bir oyunda qalib gəlmək mümkündür, amma bu cür komandalarla davamlı şəkildə qarşılaşmaq heç də asan məsələ deyil. Buna baxmayaraq, əlimizdə olan büdcə və mövcud oyunçu heyəti ilə pley-off mərhələsinə yüksəlməyi bacardıq. Məncə, Avropada, hətta dünyada bunu edə bilən başqa bir komanda tapmaq çətindir. İndi isə qarşıda ya "Nyukasl", ya da "Pari Sen-Jermen" (PSJ) var. Hər iki komanda son dərəcə çətin rəqibdir. Keçməyin mümkünlüyü isə ayrı məsələdir. Açığı, futbolda hər cür nəticə mümkündür, amma reallıq ondan ibarətdir ki, hər iki halda rəqiblərimiz oyunlarda favorit olacaqlar. Hətta deyərdim ki, "Nyukasl"dansa PSJ-yə qarşı oynamaq bizim üçün daha uyğun olardı. "Nyukasl" həddindən artıq fiziki gücə malikdir və oyunun tempini çox yüksək səviyyədə saxlaya bilən komandalardandır".

Müsahibimiz əlavə etdi ki, İngiltərə komandalarına qarşı oynamaq bizim üçün həmişə çətin olub.

"Düzdür, "Çelsi"yə qarşı evdə 2:2 hesablı heç-heçə etdik, amma ədalət naminə qeyd etmək lazımdır ki, "Çelsi" Bakıya bəzi əsas oyunçularını gətirməmişdi və bu oyuna Premyer Liqadakı matçlar qədər ciddi yanaşmadığı hiss olunurdu. Pley-off mərhələsində isə belə olmayacaq. Rəqiblər maksimum dərəcədə ciddi və konsentrasiyalı olacaqlar. Bu baxımdan, bizim mərhələ keçmə şansımız təxminən 20–30 faiz civarındadır. Əgər hər şey yolunda getsə, əks-hücumlarımızdan maksimum yararlana bilsək və iki oyunun nəticəsini düzgün oynasaq, bəlkə də şansımız ola bilər. Amma açıq şəkildə demək lazımdır ki, bu cütün aşkar favoritləri rəqiblərimizdir", - deyə Aslan Kərimov vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
47
37
redaktor.az

10Mənbələr