AZ

Bu kartofları istehlak etmək təhlükəlidir

Bazarlarda və mağazalarda adi kartoflarla yanaşı, texniki kartofların da satışa çıxarıldığı deyilir. Bu kartoflar digər növlərlə müqayisədə daha ucuz qiymətə təklif edilir. Bəs texniki kartoflar niyə daha ucuz satılır? Onların istehlakı insan sağlamlığı üçün hansı zərərlər yarada bilər?Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Metbuat.az-a açıqlamasında bildirib ki, texniki kartof, yaxud yem kartofu insan qidası üçün nəzərdə tutulmayıb. O, əsasən heyvan yemində istifadə olunur, eyni zamanda sənayedə nişasta və spirtin əldə edilməsi üçün xammal rolunu oynayır: “Bu kartofun digər növlərdən əsas fərqi ondadır ki, yığımı adətən gecikdirilir və daha iri ölçüdə olması üçün müxtəlif gübrə və kimyəvi maddələrdən istifadə olunur. Bu isə tərkibində ağır metalların və kimyəvi qalıqların çox olmasına səbəb ola bilər. Bundan əlavə, yem kartofunda solanin maddəsi mövcuddur ki, bu da zəhərli bir maddədir. Xüsusilə kartof uzun müddət saxlandıqda və ya yaşıllaşdıqda solanin daha çox ifraz olunur. Belə kartofun qida kimi istifadəsi zəhərlənməyə, qarın ağrısına, ürəkbulanma, ishal və həzm sisteminin pozulmasına səbəb ola bilər. Uzunmüddətli istifadə isə daxili orqanların zədələnməsi ilə nəticələnə bilər”.M.Hüseynova alıcıların bu kartofları necə fərqləndirməli olduğunu da izah edib: “Yem kartofunu adi kartofdan seçmək hər zaman asan olmasa da, bəzi əlamətlərə diqqət etməklə fərqi müəyyən etmək mümkündür. Bu kartof adətən daha iri, ölçüsüz və nahamar formada olur, üzərində çuxurlar çox olur, cücərmiş və ya yaşıllaşmış görünə bilər. Rəngi fərqli olur, dadı isə daha acı hiss edilir. Bəzən kimyəvi dərmanları xatırladan kəskin qoxu verir. Qabığı digər kartoflara nisbətən daha qalın olur. Tərkibində nişasta miqdarı çox olduğu üçün bişdikdə tez dağılır, un kimi olur və ağızda ovulan tekstura yaradır ki, bu da yem kartofunun xarakterik xüsusiyyətlərindəndir”. Qida mütəxəssisi tövsiyə edib ki, kartof və digər qida məhsulları alınarkən mənşəyi bəlli olan, etibarlı satış nöqtələrinə və dövlət nəzarətindən keçən yerlərə üstünlük verilməlidir: “Əks halda, məhəlləarası və ya mənşəyi məlum olmayan satış yerlərində bu cür keyfiyyətsiz və sağlamlıq üçün təhlükəli məhsullar satışda ola bilər. Belə qidalarla qidalanan insanlar xoşagəlməz hallarla üzləşdikdə, bir çox hallarda hara müraciət edəcəklərini də bilmirlər. Buna görə də qida məhsullarının mütləq şəkildə etibarlı yerlərdən alınması tövsiyə olunur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
2
metbuat.az

1Mənbələr