Böyük Britaniya hökuməti ölkə vətəndaşlarının Çinə 30 günədək vizasız giriş imkanı əldə edəcəklərini təsdiqləyib.
Bu barədə "Far.Az" "Sky News"a istinadən xəbər verir.
Məlumata görə, qərar Britaniya Baş naziri Kir Starmerin Asiyaya beşgünlük səfəri çərçivəsində Çin Sədri Si Cinpinlə apardığı danışıqlardan sonra təsdiqlənib.
Vizasız rejim turizm və işgüzar səfərlərə şamil ediləcək.
"Britaniya şirkətləri uzun müddətdir ki, Çin bazarına girişin yaxşılaşdırılmasına ehtiyac duyurlar", - deyə Starmer bildirib.
Daha əvvəl Çin tərəfi bu təşəbbüsü aktiv şəkildə nəzərdən keçirdiyini bəyan edib, indi isə qərar rəsmi olaraq təsdiqlənib.
Hər iki ölkə həmçinin, Çində ticarətlə məşğul olan Britaniya firmaları üçün aydın və hüquqi cəhətdən məcburi qaydalar müəyyən edəcək xidmətlərin göstərilməsi haqqında ikitərəfli saziş barədə danışıqların aparılmasının məqsədəuyğun olub-olmadığını araşdırmağa razılaşıblar.
Çin dünyanın ikinci ən böyük iqtisadiyyatı və Böyük Britaniyanın üçüncü ən böyük ticarət tərəfdaşıdır.