ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
“ABŞ dollarının beynəlxalq maliyyə sistemindəki üstün mövqeyi uzun illərdir dəyişməz reallıqdır. Bretton-Vuds sistemindən sonra formalaşan bu hegemonluq təkcə iqtisadi deyil, həm də siyasi və institusional gücə əsaslanıb. Lakin son illərdə dünya iqtisadiyyatında baş verən proseslər göstərir ki, dolların qlobal hökmranlığı artıq toxunulmaz status daşımır və bu mövqe getdikcə daha çox sual altına düşür. Əsas məsələ dolların bu gün güclü olub-olmaması deyil, onun mövcud gücünün nə dərəcədə davamlı olmasıdır”.
İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, rəsmi statistikalar hələlik dolların lehinə danışır: “Beynəlxalq valyuta ehtiyatlarının təxminən 60 faizi dollarla saxlanılır, beynəlxalq maliyyə əməliyyatlarının və enerji ticarətinin əsas hissəsi bu valyuta üzərindən aparılır. ABŞ maliyyə bazarlarının dərinliyi və likvidliyi dolların əsas dayaq nöqtələri kimi göstərilir. Lakin bu rəqəmlərin arxasında daha narahatedici tendensiyalar gizlənir. Son 20 ildə dolların beynəlxalq ehtiyatlardakı payı ardıcıl şəkildə azalır və bu azalma struktur xarakter daşıyır”.
Əli Səlimov
İqtisadçının fikrincə, dolların mövqeyini zəiflədən əsas amillərdən biri onun getdikcə daha açıq şəkildə siyasi alətə çevrilməsidir: “ABŞ maliyyə sanksiyalarını xarici siyasətin mərkəzi mexanizmlərindən biri kimi istifadə etdikcə, dollar neytral qlobal valyuta statusunu itirməyə başlayır. Bir ölkənin beynəlxalq ödəniş sistemindən kənarlaşdırılması, ehtiyatlarının dondurulması və ya bank sektoruna məhdudiyyətlər tətbiq edilməsi digər dövlətlər üçün ciddi narahatlıqlar yaradır. Bu isə dollar sistemində qalmağın təkcə iqtisadi deyil, siyasi risk daşıdığını göstərir. Məhz elə bu səbəbdən son illərdə “dedollarlaşma” anlayışı abstrakt termin olmaqdan çıxaraq praktik siyasətə çevrilib”.
Əli Səlimov qeyd edib ki, Çin, Rusiya, İran və bir sıra ölkələr ikitərəfli ticarətdə milli valyutalara üstünlük verməyə başlayıblar. İqtisadçının fikrincə, BRICS çərçivəsində alternativ ödəniş mexanizmləri və hətta vahid valyuta ideyalarının müzakirə olunması dolların artıq mübahisəsiz lider kimi qəbul edilmədiyini göstərir: “Bu təşəbbüslər hələlik qlobal miqyasda sistemi dəyişəcək gücdə olmasa da, mövcud status-kvoya qarşı açıq narazılığın göstəricisidir.
Digər mühüm risk ABŞ-ın daxili iqtisadi siyasətidir. Dövlət borcunun tarixi maksimumlara çatması, büdcə kəsirləri və genişmiqyaslı pul emissiyası dolların real dəyəri ilə bağlı sualları artırır. ABŞ Federal Ehtiyat Sisteminin monetar qərarları beynəlxalq bazarları sarsıtsa da, bu qərarların yaratdığı mənfi təsirlərə görə heç bir institusional məsuliyyət mexanizmi mövcud deyil. Tərəfdarların tez-tez vurğuladığı “alternativ yoxdur” arqumenti isə getdikcə zəifləyir. Bəli, hazırda dolları tam əvəz edəcək vahid valyuta mövcud deyil. Lakin problem ondadır ki, beynəlxalq sistem artıq tək alternativ üzərində qurulmaq istəmir”.
Əli Səlimov bildirib ki, Çin yuanı regional səviyyədə, avro institusional çərçivədə, qızıl və rəqəmsal aktivlər isə ehtiyat aləti kimi getdikcə daha çox diqqət çəkir: “Bu parçalanma dolların birdən-birə süqutu deyil, onun mərkəzi rolunun tədricən aşınması deməkdir”.
Ekspertin fikrincə, dolların üstünlüyü bu gün formal olaraq davam etsə də, onun siyasi neytrallığı, institusional etibarlılığı və uzunmüddətli dayanıqlılığı ciddi sınaq qarşısındadır: “Söhbət ani çöküşdən deyil, yavaş, lakin sistemli aşınmadan gedir. Dollar hələlik beynəlxalq maliyyə sisteminin mərkəzindədir, lakin yeni dünya iqtisadi nizamı dolların hökmranlığı üzərində deyil, onun məhdudlaşdırılması üzərində formalaşır”.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.