Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı hazırkı dünya reytinqində mövqeyini xeyli yaxşılaşdırıb.
İdman.Biz-in məlumatına görə, niderlandın Veyk-an-Ze şəhərində təşkil olunan ənənəvi "Tata Steel Challengers" turnirində uğurlu çıxış edən Aydın Süleymanlı dərhal 20 pillə yüksələrək onlayn reytinqdə 80-ci yerə qalxıb. Qeyd edək ki, Niderland şahmat festivalına qədər təmsilçimiz ilk yüzlüyün son pilləsində qərarlaşmışdı.
Veyk-an-Zedə keçirilən turnir ərzində Aydın Süleymanlı altı qələbə qazanıb ki, bu da ona 15,2 reytinq xalı gətirib. Hazırda onun Elo göstəricisi 2643,2 təşkil edir.
Xüsusilə qeyd etmək lazımdır ki, "Tata Steel Challengers" turnirinin 10-cu turunda Aydın Süleymanlı qara fiqurlarla Daniil Yuffanı (İspaniya) məğlub edib. Üstəlik, qələbə 23-cü gedişdə əldə olunub ki, bu da şahmat ölçülərinə görə demək olar ki, darmadağın sayılır.
Ardıcıl üçüncü qələbə olan bu nəticə azərbaycanlı qrossmeysterə turnir cədvəlində vahid liderliyə yüksəlməyə imkan verib. O, ən yaxın izləyiciləri Mark’Andrea Maurizzi (Fransa) və Endi Vudvortanı (ABŞ) yarım xal qabaqlayır. 11-ci tur çərçivəsində Süleymanlı tanınmış ukraynalı qrossmeyster Vasili İvançukla qarşılaşacaq.
Əlavə edək ki, "Challengers" turnirinin qalibi növbəti il Veyk-an-Zedə keçiriləcək şahmat festivalının əsas yarışı olan "Masters"də çıxış etmək hüququ qazanacaq.