UEFA Çempionlar Liqasının 8-ci turunda keçirilən PSJ – “Nyukasl” matçında Paris klubunun vingeri Xviça Kvaratsxeliya ağır zədə alıb.
QOL.az xəbər verir ki, ilk hissənin ortalarında meydanın mərkəzində qonaqların hücumçusu Entoni Elanqa təhlükəli şəkildə topa müdaxilə edərək gürcü futbolçunun topuğunu sıxıb. İsveçli futbolçu bu kobudluğa görə yalnız sarı vərəqə ilə cəzalandırılıb.
Kvaratsxeliya tibbi heyətin və bu mövsüm “Bavariya”ya qarşı oyunda özü də ciddi zədə alan Əşrəf Hakiminin müşayiəti ilə meydanı tərk edib. Onun yerinə Desire Due meydana daxil olub.
Matçdan sonra keçirilən mətbuat konfransında PSJ-nin baş məşqçisi Luis Enrike Kvaratsxeliyanın zədəsinin ciddi olduğunu söyləyib. Amma o, yalnız tibbi müəyinədən sonra futbolçunun yekun durumu barədə məlumat verə biləcəklərini söyləyib.
Xatırkadaq ki, PSJ və ya "Nyukasl" (İngiltərə) ÇL-in pley-off mərhələsinin "Qarabağ"ın rəqibi olacaq. Mərhələnin püşkü sabah atılacaq.