AZ

"Vəziyyət göstərir ki, İran-Amerika toqquşmaları qaçılmaz olacaq" - Deputatdan PROQNOZ

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın Venesueladakından daha çətin olacağını bildirib.

Bu təhdid İran üçün real sayıla bilərmi?

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Donald Trampın İranla bağlı açıqlamaları bəzən təzadlı görünsə də, burada müəyyən bir ardıcıllıq mövcuddur:

"Nəzərə almaq lazımdır ki, Tramp təkcə siyasətçi deyil, eyni zamanda ticari təfəkkürün daşıyıcısıdır. Məhz bu səbəbdən əgər 40 minə yaxın ordu Amerika Birləşmiş Ştatlarının ən müasir silahlarla təchiz olunmuş təyyarədaşıyan gəmiləri və armadaları Sakit okeandan, Atlantik okeandan bu bölgəyə yönəlibsə, deməli, burada ABŞ-nin ticarət maraqları da mütləq şəkildə təmin olunmalıdır. Bu baxımdan, mən yüksək ehtimalla ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyat keçirəcəyini qiymətləndirirəm. Əlbəttə, bunun çətin olacağı şübhə doğurmur. Lakin nəzərə almaq lazımdır ki, bu gün artıq İranda islahat tərəfdarları öz mövqelərini açıq şəkildə ifadə ediblər. Qarşıdurmadan və müharibədən yayınmaq üçün Amerikanın əsas tələblərinin yerinə yetirilməsi ilə bağlı mühafizəkar, idealist hakimiyyət nümayəndələrinə müraciət ediblər".

Parlamentarinin fikrincə, müharibədən yayınmağın yeganə yolu, Amerikanın irəli sürdüyü müddəaların qeyd-şərtsiz yerinə yetirilməsidir.

"Bu tələblər isə nüvə proqramından imtina etmək, dərin islahatlar aparmaq və hakimiyyəti islahatçı qüvvələrə ötürməkdən ibarətdir. Əgər bunlar baş verməzsə, mövcud vəziyyət göstərir ki, İran-Amerika toqquşmaları qaçılmaz olacaq. Çətinlik məsələsinə gəldikdə isə, əlbəttə ki, İran mentaliteti ilə Venesuela mentaliteti arasında ciddi fərqlər var və İran artıq müəyyən mənada hazırlıqlıdır. Venesuelada isə hakimiyyət bu proseslərə hazırlıqsız yaxalanmışdı. Bundan əlavə, coğrafi baxımdan da ciddi fərqlər mövcuddur. Venesuelaya hər formada güc tətbiq etmək mümkün olduğu halda, İranda bunu etmək xeyli çətin olacaq. Bu səbəbdən, İranda bənzər bir əməliyyatın həyata keçirilməsi Amerika üçün ciddi çətinliklər yarada bilər. Lakin Amerikanın hərbi-texniki imkanları, mənə elə gəlir ki, bu çətinliklərin öhdəsindən gəlməyə imkan verir", - deyə millət vəkili əlavə etdi.

Xədicə BAXIŞLI

Seçilən
10
redaktor.az

1Mənbələr