AZ

“Ölü” planetdə gözlənilməz AKTİVLİK

Ajans.az xəbər verir ki,araşdırma Nature Communications Earth & Environment (NCE&E) elmi jurnalında dərc olunub. Tədqiqata Bern Universitetinin Kosmos və Yaşayış Mühitləri Mərkəzinin doktoru Valentin Bikel və Padova Astronomik Rəsədxanasının alimləri rəhbərlik ediblər. Məlumata görə, alimlər ilk dəfə olaraq Merkurinin yamaclarında müşahidə olunan yüngül və uzunsov izlərin – “yamac zolaqları”nın sistemli təhlilini aparıblar. Bu məqsədlə maşın öyrənməsi metodlarından istifadə edilib və NASA-nın 2011–2015-ci illərdə Merkurinin orbitində fəaliyyət göstərmiş MESSENGER zondu tərəfindən əldə olunan təxminən 100 min yüksək keyfiyyətli görüntü araşdırılıb. Nəticədə tədqiqatçılar bu strukturların ilk geniş “siyahıyaalmasını” apararaq təxminən 400 parlaq zolaq müəyyən edib, onların forması və planet üzrə paylanmasını ətraflı təsvir ediblər. “Əvvəllər Merkuri üzərindəki yamac zolaqları yalnız ayrı-ayrı nümunələr əsasında məlum idi. İndi isə ilk dəfə onların ümumi paylanması barədə dolğun təsəvvür əldə etmişik”, – deyə Valentin Bikel bildirib. Təhlillər göstərib ki, zolaqlar əsasən nisbətən gənc zərbə kraterlərinin Günəş şüaları düşən yamaclarında yerləşir və çox vaxt parlaq çökəkliklərlə əlaqəlidir. Alimlərin fikrincə, bu strukturlar planetin daxilindən uçucu maddələrin – kükürd və digər yüngül elementlərin səthə çıxması nəticəsində formalaşır.

 

Seçilən
5
Ajans.az

1Mənbələr