Aİ ilə azad ticarət sazişi Hindistan-Rusiya iqtisadi əlaqələrinə necə təsir edəcək və Hindistan Rusiya neftindən imtina edə bilərmi? Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" Aİ-Hindistan azad ticarət sazişi və paralel təhlükəsizlik-müdafiə paktı ilk növbədə Hindistanın xarici siyasətdə balans strategiyasını gücləndirmək cəhdi kimi qiymətləndirilə bilər. Dehli uzun illərdir "strateji muxtariyyət" xəttini izləyir və bir tərəfdən Qərb ilə iqtisadi-texnoloji əməkdaşlığı genişləndirir, digər tərəfdən isə Rusiya kimi ənənəvi tərəfdaşlarla münasibətləri tam qırmamağa çalışır. Bu baxımdan razılaşma avtomatik olaraq Dehli-Moskva münasibətlərində kəskin dönüş demək deyil.
Hindistanın Rusiya neftinə marağı əsasən siyasi yox, iqtisadi xarakter daşıyır. Ukrayna müharibəsindən sonra Rusiya neftini ciddi endirimlə satmağa başlayıb və bu, sürətlə böyüyən Hindistan iqtisadiyyatı üçün cəlbedici fürsət yaradıb. Aİ ilə ticarət sazişi Hindistana yeni bazarlar, investisiyalar və texnologiyalar açsa da, qısa və orta müddətdə bu, Rusiya neftindən imtinanı məcburi edən mexanizm yaratmır. Üstəlik, Aİ-nin Hindistana birbaşa enerji alternativləri təklif etmək imkanları məhduddur.
Bununla belə, uzunmüddətli perspektivdə müəyyən dəyişikliklər mümkündür. Aİ ilə daha sıx iqtisadi və təhlükəsizlik əməkdaşlığı Hindistanı tədricən Qərb standartlarına, o cümlədən enerji təhlükəsizliyi və diversifikasiya siyasətinə daha yaxınlaşdıra bilər. Bu isə Rusiya payının birdən-birə yox, mərhələli şəkildə azalması ehtimalını yaradır. Xüsusən bərpa olunan enerji, yaşıl texnologiyalar və alternativ təchizat marşrutları sahəsində Aİ investisiyaları artarsa, Hindistanın Rusiya neftinə asılılığı zamanla zəifləyə bilər. Hazırki şəraitdə isə Hindistan böyük neftayırma zavodlarının mənfəətkə işkəmədı üçün Rusiyanın güzəştli qiymətlərlə təjlif edilən neftinə möhtacdır. Hindistanın gündəlik neft tələbatı 5 milyon bareldən çoxdur. Halbuki ölkə gündəlik təxminən 600-700 min barel civarında xam neft hasil edir. Yəni ən yaxşı halda Hindistanın gündəlik 4,3 milyon barel neft idxalına ehtiyacı var. Üstəlik, Dehli qazanc əldə etmək üçün qonşu ölkələrə də neft məhsulları ixrac edir ki, bu xam neftə tələbatı bir qədər də artırır. Nəticə etibarilə, Aİ-Hindistan razılaşması Dehli-Moskva münasibətlərinə bir qədər təzyiq yaratsa da, Hindistanın böyük ölçüdə Rusiya neftindən imtina edəcəyi gözlənilmir. Daha real gözlənti Hindistanın mənbələri şaxələndirməsi və Rusiya ilə enerji əməkdaşlığını praqmatik çərçivədə, amma tədricən azalan payla davam etdirməsidir".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31