"Müsəlman ölkələri, xüsusilə də ərəb dövlətləri arasındakı ziddiyyətlər uzun illərdir ki, ənənəvi xarakter daşıyır. Bu dövlətlər qlobal proseslərə münasibətdə heç vaxt ortaq mövqedən çıxış etməyi bacarmayıblar. Hətta müsəlman və islam dünyasını birbaşa maraqlandıran mühüm məsələlərdə belə, vahid mövqenin formalaşdırılması ciddi problem olaraq qalmaqdadır".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, hazırda ABŞ-nin İrana qarşı hərbi müdaxilə ehtimalına münasibətdə də eyni mənzərə müşahidə olunur. Belə ki, bir qrup ölkə İrana qarşı mümkün hərbi müdaxiləni dəstəkləyir, digər bir qrup bu ehtimala açıq şəkildə etiraz edir. Üçüncü qrup isə mövqe bildirməkdən yayınaraq, guya neytral qalmağa üstünlük verir. Bu vəziyyət onu göstərir ki, islam dünyası vahid mövqe prinsiplərinə əməl etməyi bacarmır. Bu parçalanmanın digər bariz nümunəsi isə Fələstin böhranı ilə bağlı mövqelərdə özünü göstərir. Fələstin məsələsinin həllinə münasibətdə də ərəb ölkələri ortaq mövqe ortaya qoya bilmirlər. Halbuki Fələstin böhranı mahiyyət etibarilə ərəb dünyasının problemidir və ərəb dövlətləri bu məsələnin həllinə birgə şəkildə təsir göstərmək imkanına malik olmalı idilər. Ancaq indiyə qədər bu baş verməyib.
Ekspert qeyd edib ki, BMT-nin qərarlarına əsasən, Fələstin böhranı iki dövlət prinsipi əsasında həll olunmalıdır. Lakin ərəb dövlətlərinin müəyyən bir qismi bu fundamental prinsipin açıq şəkildə dəstəklənməsi məsələsində tərəddüd nümayiş etdirir. Nəticədə problemin həllində real irəliləyişə nail olmaq mümkün olmur. Təbii ki, belə bir şəraitdə, yəni ərəb və ümumilikdə islam dünyasında ziddiyyətlərin dərinləşdiyi vəziyyətdə islam dövlətlərini birləşdirən beynəlxalq təşkilatların fəaliyyətinin effektivliyi də aşağı düşür. Çünki bu qurumlar da bir çox hallarda ortaq mövqe formalaşdırmaqda və qərarların qəbulunda ciddi çətinliklərlə üzləşirlər. Məhz bu səbəbdən sivilizasiyalar arasında fərqlər daha qabarıq şəkildə üzə çıxır. Xristian dünyasına aid dövlətlər təşkilatlandıqda, həmin qurumlar qlobal məkanda real siyasi iradə mərkəzlərinə çevrilirlər. Halbuki islam dünyasının yaratdığı təşkilatlar əsasən yalnız islam ölkələri daxilində müəyyən proseslərin tənzimlənməsinə xidmət edir və onların qlobal miqyasda təsir imkanları ümidverici xarakter daşımır.
Lamiyə Cəbrayılova