Almaniyanın bu səviyyədə açıq dəstəyi Azərbaycan-Ermənistan sülh prosesinin beynəlxalq legitimliyinə və davamlılığına necə təsir göstərə bilər? Avropanın Cənubi Qafqazda artan marağı fonunda Azərbaycan bu geosiyasi fürsətdən hansı strateji üstünlüklər əldə edə bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Almaniyanın Cənubi Qafqazdakı proseslərə marağı əvvəlcədən məlumdur. Nəzərə alaq ki, 44 günlük müharibədən sonra bir neçə dəfə Almaniyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin, o cümlədən xarici işlər nazirlərinin Almaniyada görüşləri keçirilib. Almaniya bu prosesdə, bəzi istisnalar olmaqla, çalışıb ki, neytrallığını qorusun. Doğrudur, keçmiş xarici işlər naziri Annalena Berbokun bu məsələlərlə bağlı ikili standartlara söykənən davranışlarını unutmamışıq. Amma Almaniyada yeni hökumətin formalaşması ilə yaranmış reallıqlar daha doğru dəyərləndirilir və ölkə Cənubi Qafqazda sülhə dəstək verməklə mövqeyini nümayiş etdirir. Nəzərə alaq ki, artıq Azərbaycan və Ermənistan bu məsələni böyük ölçüdə həll ediblər, sülh müqaviləsinin mətni hazırdır. ABŞ-da sülh müqaviləsinin mətni hazırlanıb və avqustun 8-də Trampın iştirakı ilə sənəd paraflanıb. Avropa İttifaqı da bu proseslərdə geri qalmamaq üçün müəyyən addımlar atır. Xüsusilə son Davos görüşü əyani şəkildə Azərbaycanın mövqelərinin qəbul olunduğunu, keçmiş iddiaların geridə qaldığını bir daha nümayiş etdirdi. Avropa İttifaqı hazırda ABŞ-la Avropa arasındakı münasibətlər, eləcə də Rusiya ilə gərginlik fonunda Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək və gələcəkdə bu bölgədə əlaqələrini gücləndirmək niyyətini ortaya qoyur. Bu, həm Cənubi Qafqazda Avropa İttifaqının mövqeyini gücləndirir, həm də bölgə ölkələri ilə münasibətlərin inkişafına xidmət edir. Eyni zamanda nəzərə alsaq ki, Avropa İttifaqı Mərkəzi Asiya və Türküstan dövlətləri ilə münasibətləri də inkişaf etdirməkdədir. Bu bölgənin infrastruktur layihələrinin həyata keçirilməsi üçün Avropa İttifaqı milyard avroluq maliyyə paketi ayırıb. Ona görə də Avropa İttifaqının Cənubi Qafqazdakı proseslərə marağı başa düşüləndir.
Ümid edirik ki, bundan sonrakı mərhələdə Avropa İttifaqı daha pozitiv rol oynayacaq, indiyə qədər əksər hallarda müşahidə olunan birtərəfli mövqelərdən geri çəkiləcək və bölgədəki proseslərə daha neytral və obyektiv yanaşma nümayiş etdirəcək".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31