Televiziya sisteminə görə aparıcı ilə qonaq arasında mübahisənin yaranması məqbul hesab olunmur. Aparıcı efir üçün məsuliyyət daşıyır. Suallarını elə tərtib etməlidir ki, qonaq qıcıqlanmasın. Əlbəttə, yayındırıcı suallar ola bilər. Ancaq bu suallar qonağı emosialara cəlb etməli deyil. Çünki bu, normal görünmür. Əgər bu boşluq yaranıbsa, bunun əsas səbəbi redaksiyalarımızda redaktor korpusunun bərbad vəziyyətdə olmasıdır. Azərbaycanda xəbər aparıcılığında, veriliş aparcılığında redaktor korpusu zəif mövqedə dayanır. Bu da ondan irəli gəlir ki, son 10 illiyin, hətta bir az daha çox müddətin sosial şəbəkələr üzərində xəbər axtarışı, daha doğrusu şəbəkələr üzərində birinclik uğrunda mübarizə, yaxud da hay-küylü xəbərlə oxucunun, tamaşaçının diqqətini cəlb etmək istəyi imkan vermədi ki, Azərbaycan televiziyaları “məktəb”ə çevrilsin.
Bu sözləri Adalet.az-a açıqlamasında jurnalist Teymur Zahidoğlu kimi söyləyib:
“Bir vaxtlar televizyanın çox gözəl ənənəsi var idi. Olduqca uğurlu kadrlar yetişdirilirdi. Jurnalistlər profesionallar tərəfindən öyrədilirdilər. Zaman- zaman təcrübə olaraq müəyyən bir vəzifələr etibar olunurdu. Bu mərhələlərlə redaktorlar yetişirdi. İndi təəssüf ki, bu ənənə tarixə qovuşub. Digər tərəfdən də burda bir məsələ var ki, bu gün efirlərdə tanınan aparıcılar, veriliş müəllifləri bəzən redaktorlarla razılaşmırlar, ortaq məxrəcə gələ bilmirlər və ya ümumiyyətlə, məsləhətləşmirlər. Aparıcılar özlərini bəzən daha çox üstün tuturlar. Çox zaman təvazökarlıqdan uzaq dayanırlar. Nəticə etibarilə adam efirdə yayım zamanı özünü görə bilmir axı. Onun qüsurlarını yalnız redaktor görür. Və bu məqamda mütləq redaktor bu vəziyyəti idarə etməlidir. Aparıcı yanlışlıqlara yol verəndə, onun üçün düzəlişlərə köməklik göstərməlidir. Efir redaktoru, yaradıcı redaktor, texniki redaktor- bunların hər biri üzərinə düşən vəzifəni icra etsələr, efir məkanlarında xoşagəlməz hallar baş verməz.
Aparıcı efirə başlamamışdan əvvəl öz yaradıcı kollektivi ilə məsləhətləşməlidir. Bu gün bu qaydalar yoxdur. Aparıcı mikrofon yaxasına taxılan kimi səhnəyə çıxıb necə gəldi danışır. Efir mədəniyyəti deyilən bir anlayış var. Qonaqlara münasibət də həmin anlayışa daxildir. Ancaq indi heç buna da nəzarət yoxdur. Bəzən fikir azadlığını , düşüncə azadlığını təhqirlə səhv salırlar. Ancaq təhqir etmək həm inzibati, həm də cinayət məsuliyyəti daşıyır.
Bu kimi halların yaranması tək bir amillə deyil. Bu məsələdə kimisə günahkar hesab etmək və ya etməmək mövcud vəziyyəti dəyişmir. Televiziyalara yeni baxış lazımdır. Jurnalistlər arasında hansısa məbədə bənzəyən bir “ fiqur ” olmalıdır ki, jurnalistlər həmin “fiqur”dan istifadə etsinlər, öyrənsinlər Günümüzdə bu anlayışlar yoxdur.
Gənc jurnalistdən soruşsalar ki, kimdən bu sənəti öyrənmək istəyərsən? Əmin olun ki, o gənc peşəkar jurnaist adı çəkə bilməyəcək. Çünki peşəkarları tanımır. Ekranda hər gün gördükləri isə hay-küylə efirə çıxanlardır”.
Ekspert qeyd edib ki, aparıcılar proqramda özlərini efir aparıcılarından daha çox digər peşə sahibi kimi göstərməyə çalışırlar:
“Televiziya aparıcılarının böyük əksəriyyəti idarə etdiyi proqramda efir aparıcısından daha çox hakim, prokror, ekspert kimi davranırlar. Problemin bir tərəfi də budur.
Hər hansısa bir nazir televiziya proqramının aparıcısı ola bilər. Və o səhnəyə çıxırsa, artıq nazir deyil, aparıcıdır. O, jurnalist kimi davranmalıdır. Çox təəssüf ki, Azərbaycanda aparıcıların böyük əksəriyyəti jurnalist kimi davranmaqdan başqa bütün peşələrin karakterini efirdə nümayiş etdirirlər. Hətta bəzən ağsaqqallıq, ağbirçəklik edilər. Bunlar efir qaydalarını kobud şəkildə pozmaq deməkdir. Efirin efir standartı var.
Dünya teleməkanlarına nəzər salsaq, möhtəşəm nümunələr görə bilərik. Amerika televiziyaçılığı, Avropa televiziyaçılığı, hətta bizim qonşu ölkə olan Rusiya televiziyaçılığı əsas nümunələrdən hesab olunur. Məlum məsələdir ki, televiziya təbliğat- təşviqat vasitəsidir. Yeri gələndə hansısa aparıcı öz dövlətinin maraqlarından çıxış edib, dost olmayan ölkələr barədə müəyyən mənada bir az qıcıqlandırıcı və ya eham xarakterli ifadələr işlədə bilərlər. Ancaq bu jurnalistlər heç vaxt səhnədə prokrorluq, vəkillik, hakimlik etmirlər. Jurnalist möqelərini qoruyub- saxlayırlar.
Düşünürəm ki, günah axtarmaq əvəzinə televiziya rəhbərləri, redaktorlar və aparıcılar arasında ortaq məxrəc olmalıdır ki, təxminən 1 ay ərzində 1-2 dəfə toplanıb müzakirə etsinlər. Bu müzakirələr nəticəsində efir məkanında yol verilən nöqsanlar aradan qaldırılmalıdır. Eyni zamanda efir mədəniyyətinin daha da təkminləşdirilməsi, daha da yaxşılaşdırılması üçün bir yol tapmalıdırlar.
Təbii ki, televiziyaların özünə görə qayğıları var. Ancaq buna baxmayaraq fəaliyyətdədirlər. Bu fəaliyyətin daha mükəmməl, daha da gözəl olması üçün mütləq şəkildə bir qurum yaradılmalıdır. Məsələn “redaktorlar birliyi” və yaxud da “televiziyalar birliyi” hər hansısa belə bir struktur yaradılmalıdır. Heç olmasa qeyri-rəsmi də olsa belə bir qurum yaradılmalıdır”
Əntiqə Kərimzadə