Nigerin paytaxtı Niameydə yerləşən Diori Hamani Beynəlxalq Hava Limanı yaxınlığında silah səsləri və güclü partlayışlar qeydə alınıb. Hadisənin səbəbi hələlik rəsmi şəkildə açıqlanmayıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, baş verən partlayışlar səbəbindən Əlcəzairdən Niameyə uçan sərnişin təyyarəsi təhlükəsizlik məqsədilə Burkina Fasoda məcburi eniş etmək məcburiyyətində qalıb.
Sosial mediada yayılan görüntülərdə hava limanı ətrafında yol kənarında çoxsaylı nəqliyyat vasitələrinin yandığı, həmçinin silah səslərinin eşidildiyi görünür.
Yerli mənbələr vəziyyətin hazırda nəzarət altında olduğunu bildirsə də, Niger hökuməti hadisə ilə bağlı hələ rəsmi açıqlama verməyib.
Məlumatlara görə, partlayışların hava limanının hava hücumundan müdafiə sisteminin mümkün dron təhlükəsinə cavab olaraq işə salınması nəticəsində baş verdiyi ehtimal olunur.
Qeyd edək ki, Niameydən təxminən 10 kilometr məsafədə yerləşən Diori Hamani Beynəlxalq Hava Limanı strateji hərbi hava bazasının mövcudluğu səbəbindən mühüm əhəmiyyət daşıyır.