AZ

Dövlət xidmətlərinin mobil bank tətbiqlərinə inteqrasiyası üçün təkliflər hazırlanıb

XQ Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatına istinadən xəbər verir ki, ölkədə dövlət xidmətlərinin əhəmiyyətli hissəsi artıq rəqəmsallaşdırılsa da, bir sıra inzibati prosedurlar üzrə vətəndaşların hələ də fiziki olaraq xidmət mərkəzlərinə müraciət etməsi tələb olunur. Belə ki, sürücülük vəsiqəsinin yenilənməsi, avtomobilin qeydiyyatı, müxtəlif arayışların alınması, dövlət rüsumlarının ödənilməsi və digər oxşar xidmətlər üçün vətəndaşlar "ASAN Xidmət" mərkəzlərinə getməli və növbələrdə gözləməli olurlar.

Hesabatda qeyd edilir ki, mövcud yanaşma vətəndaşlar üçün əlavə vaxt itkisinə, dövlət üçün isə inzibati xərclərin artmasına səbəb olur. Dövlət xidmətlərinin mobil bank tətbiqləri üzərindən təqdim edilməsi fiziki müraciət ehtiyacını azalda, bank tətbiqlərinin gündəlik istifadə intensivliyini artıraraq onları rəqəmsal ekosistemdə əsas giriş nöqtələrindən birinə çevirə bilər. Bu isə dövlət mərkəzlərində növbələrin azalmasına, e-xidmətlərin payının artmasına, real vaxt rejimində statistik məlumatların toplanmasına və əlavə işçi resurslarına olan tələbatın azalmasına imkan yaradar.

"AmCham" ekspertləri bu məqsədlə texniki və hüquqi infrastrukturun yaradılmasını təklif edirlər. Onların fikrincə, dövlət xidmətlərinin rəqəmsal sistemləri ilə bank tətbiqləri arasında təhlükəsiz və mərhələli inteqrasiyanı təmin edən mexanizmlər formalaşdırılmalı, məlumat mübadiləsi üzrə vahid təhlükəsizlik və məxfilik standartları müəyyən edilməlidir:

"Eyni zamanda, fərdi məlumatların yalnız istifadəçinin yazılı və ya elektron razılığı əsasında ötürülməsi prinsiplərinə ciddi şəkildə əməl olunmalıdır".

Hesabatda vurğulanır ki, bu yanaşma bank tətbiqlərinin vətəndaşlar üçün gündəlik rəqəmsal xidmətlərə çıxış nöqtəsi kimi rolunu gücləndirməklə yanaşı, dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılmasına və inzibati yükün azaldılmasına xidmət edə bilər.

N.Adilqızı
XQ

Seçilən
21
2
xalqqazeti.az

3Mənbələr