AZ

Malatyada həlak olan azərbaycanlı tələbələrin işi yenidən araşdırılır

Türkiyənin Malatya şəhərində 6 Fevral 2023-cü ildə baş verən zəlzələ nəticəsində, azərbaycanlı tələbələrlə birlikdə 78 nəfərin həyatını itirdiyi Hakimbey Apartamını ilə bağlı araşdırmalar yenidən aktivləşdirilib.

Moderator.az xəbər verir ki, Gaziantep Bölgə İdarə Məhkəməsi Malatya Valiliyinin “dövlət məmurları haqqında araşdırma icazəsi verilməməsi” qərarını qanunsuz hesab edərək ləğv edib.

Məhkəmə qərarında vurğulanıb ki, hadisəyə cəlb olunan bütün vəzifəlilər və onların məsuliyyəti tam araşdırılmadan işin bağlanması mümkün deyil.

Rəyə əsasən, binaların yoxlanılmasında və zəlzələ nəticələrinin qiymətləndirilməsində bəzi qurumlar əsaslı səhvlər edib. Bu səbəbdən həlak olan vətəndaşların, o cümlədən azərbaycanlı tələbələrin ölümü ilə bağlı məsuliyyət daşıyan şəxslər müəyyən edilməlidir.

Hadisəyə ilə bağlı aparılan istintaq nəticəsində, Malatya Bələdiyyəsinin İmar İşləri müdiri Mustafa Bingöl və Bələdiyyənin inşaat mühəndisi Ahmet Özer “bilərəkdən ölümlərə və yaralanmalara səbəb olmaq”da əsas məsuliyyət daşıdığı müəyyən edilib. 

Hesabatda həmçinin binanın 2020-ci ildə baç verən Elazığ zəlzələsindən sonra aparılan yoxlamalarda Çevrə və Şəhərsalma Nazirliyinin nümayəndələrinin də məsuliyyət daşıdığı göstərilib. Belə ki, 2020-ci ilin 24 yanvarında Hakimbey Apartmanının sakini Gülen Öner zəlzələ nəticəsində binada yaranan çatlaq və zədələr barədə Malatya Çevrə və Şəhərsalma İl Müdürlüğünə rəsmi müraciət edib. Lakin müraciətinə görə heç bir ciddi tədbir görülməyib və bina “hasarsız” kimi qeyd edilib. Bu da 6 Fevral 2023-də baş verən faciəyə səbəb olub.

Məhkəmə qərarı ilə iş Malatya Valiliyinə geri göndərilib. Valiliyin, yalnız bir şəxs və ya qurumla məhdudlaşmadan, bütün iddiaları ətraflı araşdırması tələb olunur.

Bu araşdırma nəticəsində, binaların layihələndirilməsi, yoxlanılması və zəlzələdən sonra tədbirlərin görülməməsi ilə bağlı məsuliyyət daşıyan bütün şəxslər hüquqi məsuliyyətə cəlb ediləcək.

Hadisə qurbanlarının ailələri və vəkilləri məsuliyyət daşıyan şəxslərin layiq olduqları cəzaları almasını tələb edirlər. 

Qeyd edək ki, Türkiyənin Malatya şəhərində 6 Fevral 2023-cü ildə baş verən zəlzələ nəticəsində dağılan Hakimbey Apartamında 78 nəfər həyatını itirmişdi. Həlak olanlar arasında Malatya İnönü Universitetində təhsil alan 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə də var idi. Onların cansız bədənləri günlərlə davam edən axtarış-xilasetmə işlərindən sonra tapılmışdı.

Rumiyyə

 

 

Seçilən
92
1
moderator.az

2Mənbələr