AZ

Kələm turşusunun faydaları və təhlükəsiz istehlak qaydaları

Bakı, 29 yanvar, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əhalinin sağlam qidalanma vərdişlərinin təşviqi və qida təhlükəsizliyi ilə bağlı maarifləndirmə məqsədilə mütəmadi olaraq məlumatlar təqdim edilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ənənəvi qida məhsullarından biri olan kələm turşusunun düzgün hazırlanması, saxlanma qaydaları və təhlükəsiz istehlakı ilə bağlı vacib məqamlar nəzərə çatdırılır.

Kələm turşusu ənənəvi üsullarla hazırlanan və gündəlik qidalanmada geniş istifadə edilən qida məhsuludur. Kələm turşusunun hazırlanmasında əsas şərtlərdən biri təzə və keyfiyyətli xammaldan istifadə olunmasıdır. Kələm gigiyenik qaydalara uyğun şəkildə təmizlənməli, doğranmalı və üzərinə kifayət qədər duz əlavə edilməlidir. Duzun təsiri ilə kələm öz şirəsini buraxır və bu maye fermentasiya üçün zəruri mühit yaradır.

Bununla yanaşı, kələm turşusu və digər konservləşdirilmiş məhsulların hazırlanması və saxlanması zamanı bir sıra risk amilləri də nəzərə alınmalıdır. Konservlərin hermetikliyinin pozulması, uyğun olmayan qablaşdırma materiallarından istifadə edilməsi, turşuluq səviyyəsinin düzgün tənzimlənməməsi, eləcə də məhsulun tələb olunan temperatur rejimində saxlanılmaması mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli şərait yaradır. Bu hallar qida məhsulunun həm keyfiyyətinə, həm də təhlükəsizlik göstəricilərinə mənfi təsir göstərir.

Düzgün hazırlanmış və uyğun şəraitdə saxlanılan kələm turşusu insan orqanizmi üçün faydalı maddələrlə zəngindir. Fermentasiya nəticəsində yaranan təbii probiotiklər bağırsaq mikroflorasının tarazlığının qorunmasına və həzm sisteminin fəaliyyətinin yaxşılaşdırılmasına kömək edir. Məhsulun tərkibində olan vitaminlər, xüsusilə C və K vitaminləri immun sisteminin möhkəmləndirilməsində, liflər isə maddələr mübadiləsinin tənzimlənməsində mühüm rol oynayır.

Eyni zamanda, belə məhsullar istehlak edilməzdən əvvəl istehlakçılar tərəfindən qablaşdırmanın bütövlüyü mütləq şəkildə yoxlanılmalıdır. Qapağın şişməsi, sızma halları, məhsulun bulanıq görünməsi, kənar qoxunun və ya dad dəyişikliyinin müşahidə olunması həmin məhsulun istehlaka yararsız və potensial təhlükəli olduğuna dəlalət edir. Bu cür məhsulların istehlakı yolverilməzdir.

 

Seçilən
19
3
azertag.az

4Mənbələr