AZ

Çin Rusiyaya “Oreşnik” raketlərinin istehsalında dəstək verir

Ukrayna kəşfiyyatının məlumatına görə, Pekin Moskvaya hipersəs raketlərinin hazırlanması üçün avadanlıq, dəzgahlar və yüksək texnologiyalar ötürür...

Poliqon The Telegraph nəşrinə istinadən xəbər verir ki, Çin Rusiyaya nüvə döyüş başlığı daşıya bilən hipersəs raketlərinin istehsalında istifadə olunan ixtisaslaşmış avadanlıq, alətlər və qabaqcıl qurğular tədarük edir. Nəşrin Ukrayna kəşfiyyatına istinadən yazdığına görə, bu tədarüklər arasında “Oreşnik” raket sistemi üçün nəzərdə tutulan texnologiyalar da var. Bildirilir ki, Rusiyaya göndərilən Çin texnologiyaları və avadanlıqlarının ümumi dəyəri azı 10,3 milyard dollar təşkil edir.

Məlumatda qeyd olunur ki, Çinin rəqəmsal proqram idarəetməli (CNC) dəzgahları Rusiyanın raket istehsal gücünün artırılmasında əsas rol oynayır. Ukrayna kəşfiyyatı belə dəzgahlardan birinin “Oreşnik”, “İskander-M” və “Topol-M” raketlərinin buraxıldığı Votkinsk zavodunda aşkar edildiyini bildirib. Məqaləyə görə, bu cür yüksək dəqiqlikli dəzgahlar raketlərin əsas komponentlərinin emalında, metal hissələrin hazırlanmasında və istehsal prosesinin sürətləndirilməsində mühüm əhəmiyyət daşıyır.

Nəşr yazır ki, Çin təkcə dəzgahlarla kifayətlənmir, eyni zamanda Rusiyaya yüksək dəqiqlikli raketlər və hərbi aviasiya üçün kritik elektron komponentlər də göndərir. Belə ki, mikrosxemlər və yaddaş platalarının tədarükünün ümumi həcmi 4,9 milyard dollardan çox qiymətləndirilir. Bu komponentlərin bir hissəsinin yüksək dəqiqlikli raket sistemlərində, həmçinin Su-27 və Su-30 qırıcılarının modernləşdirilməsi və istismarında istifadə olunduğu vurğulanır.

Bundan əlavə, məlumatda Rusiyaya müxtəlif texniki təyinatlı məhsulların da çatdırıldığı bildirilir. Onların sırasında şar tipli podşipniklər, radar sistemləri üçün piezoelektrik kristallar, teleskopik nişangahlar, eləcə də ölçmə və nəzarət avadanlıqları yer alır. Ekspertlərin fikrincə, bu məhsullar hərbi sənaye kompleksinin dayanıqlı işləməsi və yeni silah sistemlərinin hazırlanması baxımından strateji əhəmiyyətə malikdir.

Araşdırmada vurğulanır ki, tədarüklərin əhəmiyyətli hissəsi üçüncü ölkələr üzərindən həyata keçirilir. Bu isə həm logistika zəncirinin izlənməsini çətinləşdirir, həm də Rusiyaya beynəlxalq sanksiyalardan yayınmaq imkanı yaradır. Məlumata görə, müharibənin ilk üç ili ərzində Çin Rusiyaya 3,1 milyard dollardan çox dəyərdə dəzgah göndərib və bu xətt üzrə tədarüklər davam edir.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr