Avropa Birliyində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması məsələsi son illərdə ilk dəfə deyil gündəmə gəlir, lakin bu dəfə müzakirələr əvvəlkilərlə müqayisədə daha real və praktik mərhələyə keçib. Xüsusilə İtaliyanın təşəbbüsü ilə bu mövzu Aİ-nin xarici siyasət gündəminin mərkəzinə çıxıb və bu sadəcə siyasi bəyanatlar deyil, hüquqi və institusional nəticələr doğura biləcək qərar ehtimalı müzakirə olunur. Artıq Fransa və İspaniya İtaliyanın bu təşəbbüsünü dəstəklədiklərini açıqlayıb.
Avropa Birliyi bu cür bir addımı əsaslandırarkən bir neçə xətt üzrə arqument irəli sürür. Birincisi, SEPAH-ın Yaxın Şərqdəki silahlı qruplara verdiyi dəstək Aİ tərəfindən regional sabitliyə birbaşa təhlükə kimi qiymətləndirilir. Hizbullah, HƏMAS, Yəməndə husilər və İraqdakı şiə silahlı dəstələri ilə SEPAH arasında qurulan əlaqələr Avropa paytaxtlarında artıq təkcə “regional problem” yox, Avropanın təhlükəsizliyinə təsir edən faktor kimi qəbul edilir. İkincisi, Aİ SEPAH-ı İran daxilində insan haqlarının kütləvi şəkildə pozulmasında əsas icraçı strukturlardan biri sayır. Etirazların zorakılıqla yatırılması, həbslər və repressiyalar zamanı SEPAH-ın rolu Brüssel üçün bu qurumu sırf hərbi təşkilat deyil, ideoloji və repressiv mexanizm kimi təqdim edir. Üçüncüsü isə Avropa kəşfiyyat və təhlükəsizlik qurumlarının iddialarına görə, SEPAH Avropa ərazisində də kəşfiyyat fəaliyyəti, təzyiq və hətta sui-qəsd planlarında dolayı və ya birbaşa iştirak edib ki, bu da terror təşkilatı kimi tanınma üçün hüquqi əsas kimi göstərilir.
Əgər Aİ həqiqətən bu qərarı qəbul etsə, nəticələr çoxşaxəli və kifayət qədər ağır ola bilər. İlk və ən birbaşa nəticə hüquqi və maliyyə sahəsində özünü göstərəcək. SEPAH-la əlaqəli bütün qurumların və şəxslərin Avropadakı aktivləri dondurula, onlarla hər hansı maliyyə və iqtisadi əməkdaşlıq cinayət məsuliyyəti yarada bilər. Bu, xüsusilə SEPAH-ın İran iqtisadiyyatındakı geniş payını nəzərə alsaq, Avropa-İran ticarət əlaqələrinə ciddi zərbə vuracaq. Bir çox Avropa şirkəti İran bazarından tamamilə çəkilmək məcburiyyətində qala bilər, çünki SEPAH-ın dolayı iştirak etdiyi sahələrdən yan keçmək faktiki olaraq mümkünsüzdür.
Siyasi və diplomatik müstəvidə isə münasibətlərin daha da gərginləşməsi qaçılmaz görünür. İran tərəfi artıq indidən belə bir addımı “qırmızı xətt” adlandırır və cavab tədbirləri ilə hədələyir. Bu cavablar səfirlərin geri çağırılması, diplomatik əlaqələrin məhdudlaşdırılması və ya Avropanın Yaxın Şərqdəki maraqlarına qarşı daha sərt mövqe ola bilər. Eyni zamanda, İranın Avropa ilə aparılan nüvə danışıqlarında daha sərt mövqeyə keçməsi ehtimalı da artır. SEPAH-ın terror təşkilatı kimi tanınması Tehranın gözündə kompromis imkanlarını daraldan və “Qərbin düşmən mövqeyini” təsdiqləyən addım kimi təqdim olunacaq.
Təhlükəsizlik baxımından da nəticələr ikitərəfli ola bilər. Aİ tərəfdən baxıldıqda, bu qərar SEPAH-la əlaqəli şəbəkələrin Avropada fəaliyyətini məhdudlaşdırmaq, hüquq-mühafizə orqanlarının əlini gücləndirmək üçün alət rolunu oynaya bilər. Digər tərəfdən isə İran və ona yaxın qrupların Avropaya qarşı qeyri-simmetrik cavab addımları riski də arta bilər. Bu, kiberhücumlar, siyasi təzyiq mexanizmləri və ya regionlarda Avropa maraqlarının hədəfə alınması şəklində özünü göstərə bilər.
Nəticə etibarilə, SEPAH-ın terror təşkilatı kimi tanınması Aİ üçün təkcə simvolik və ya mənəvi mövqe deyil, çox ciddi strateji seçimdir. Bu qərar Avropa Birliyinin İranla münasibətlərində “təzyiq və məhdudlaşdırma” xəttini açıq şəkildə üstün tutduğunu göstərər və dialoq imkanlarını xeyli daraldar. Məhz buna görə də Aİ daxilində hələ də tərəddüd var: bir tərəfdə təhlükəsizlik və dəyərlər arqumenti, digər tərəfdə isə regionda daha böyük eskalasiyanın və diplomatik kanalların tam bağlanmasının riski dayanır. Bu balansın necə qurulacağı yaxın dövrdə Avropa-İran münasibətlərinin gələcəyini müəyyən edəcək əsas amillərdən biri olacaq.
Akif NƏSİRLİ