AZ

İranın Ali Rəhbərinin oğlu qlobal daşınmaz əmlak imperiyası qurub

Möctəba Xamenei Londondan Dubaya qədər müxtəlif ölkələrdə bahalı mülklər şəbəkəsi yaradaraq sərvətini kölgə strukturları vasitəsilə idarə edir...

Poliqon xəbər verir ki, İranın Ali Rəhbəri ayətullah Əli Xameneinin ikinci oğlu Möctəba Xamenei ölkə daxilində dərin iqtisadi çətinliklərin və son onilliklərin ən böyük etiraz dalğalarının fonunda beynəlxalq miqyasda daşınmaz əmlak investisiyaları şəbəkəsi qurub. Bloomberg Agentliyinin bir illik araşdırmasına, daşınmaz əmlak sənədlərinə və onun maliyyə əməliyyatları ilə tanış olan mənbələrlə aparılan müsahibələrə əsaslanan məlumatlara görə, bu şəbəkə müxtəlif ölkələrdə bahalı mülkləri və investisiya mexanizmlərini əhatə edir.

Araşdırmada bildirilir ki, Möctəba Xameneinin Londonda, Dubayda və bir sıra Avropa ölkələrində daşınmaz əmlak aktivləri mövcuddur. Söhbət təkcə adi investisiyalardan deyil, eyni zamanda elit yaşayış zonalarında yerləşən milyonlarla funt sterlinq dəyərində mülklərdən gedir. Bloomberg-in məlumatına görə, Londonda prestijli “Billionaires’ Row” kimi tanınan ərazidə yerləşən dəbdəbəli malikanələr və on milyonlarla funt sterlinq qiymətləndirilən villalar bu şəbəkənin əsas elementlərindən sayılır.

Məlumata əsasən, mülklərin böyük hissəsi birbaşa Möctəba Xameneinin adına rəsmiləşdirilmir. Aktivlər əsasən müxtəlif ölkələrdə yaradılmış vasitəçi və ya “kağız üzərində” şirkətlər üzərindən idarə olunur. Bu strukturların mühüm hissəsinin iranlı iş adamı Əli Ənsarinin adına bağlı olduğu vurğulanır. Qeyd edilir ki, Böyük Britaniya Əli Ənsariyə qarşı sanksiyalar tətbiq edib və bu fakt şəbəkənin beynəlxalq maliyyə sistemində hansı üsullarla gizlədildiyi barədə sualları daha da artırır.

Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun eksperti Fərzin Nadiminin sözlərinə görə, Möctəba Xamenei İranda və ölkə hüdudlarından kənarda müxtəlif qurumlar üzərində ciddi təsir imkanlarına malikdir. Ekspert bildirir ki, o, bir sıra təşkilatlarda böyük səhm paketlərinə sahibdir və ya faktiki nəzarəti həyata keçirir. Nadiminin fikrincə, Əli Ənsari bu maliyyə mexanizminin əsas fiqurlarından biri kimi çıxış edir və bu da onu İran daxilində ən təsirli oliqarxlardan birinə çevirir.

Bloomberg-in mənbələri iddia edir ki, xaricdəki investisiyaların əsas maliyyə mənbəyi İran neftinin satışından əldə olunan gəlirlər olub. Araşdırmada qeyd olunur ki, Möctəba Xamenei aktivlərin birbaşa öz adına keçirilməsindən yayınaraq rəsmi şəkildə bu əməliyyatlardan uzaq görünməyə çalışır. Bununla belə, mənbələrin bildirdiyinə görə, maliyyə axınları və daşınmaz əmlak portfeli onunla əlaqəli şəxslər və strukturlar vasitəsilə idarə edilir.

Məqalədə vurğulanır ki, Möctəba Xamenei İranın siyasi sistemində getdikcə daha mühüm rol oynayan fiqurlardan biridir. Onun İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH/KSEK) ilə yaxın əlaqələrinin olduğu bildirilir. Eyni zamanda, o, 86 yaşlı ayətullah Əli Xameneinin potensial varisi kimi də nəzərdən keçirilən əsas namizədlərdən sayılır.

Bloomberg-in araşdırması bu maliyyə fəaliyyətinin yalnız şəxsi sərvət toplamaq məqsədi daşımadığını, eyni zamanda İran elitasının illərlə davam edən beynəlxalq sanksiyalara baxmayaraq kapitalı ölkədən kənara çıxarmaq üçün hansı mexanizmlərdən istifadə etdiyini göstərdiyini qeyd edir. Məlumatda vurğulanır ki, bu cür şəbəkələr həm İran daxilində sosial-iqtisadi narazılıqların artdığı dövrdə, həm də beynəlxalq təzyiqlərin gücləndiyi şəraitdə xüsusi diqqət çəkir.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr