AZ

Yapon şirkətləri Bakıya gələcək: sahibkarlar üçün yeni imkanlar açılır

Bu ilin 11–12 may tarixlərində Bakı daha bir mühüm iqtisadi hadisəyə ev sahibliyi edəcək. Yaponiya sənayesinin 100-dən artıq aparıcı şirkəti iki günlük “Yaponiyanın mahiyyəti” Qlobal Sərgisi-2026 çərçivəsində öz ən müasir texnoloji həllərini nümayiş etdirmək üçün paytaxtımıza gələcək. Sənaye, kənd təsərrüfatı və səhiyyə sahələrini əhatə edən bu nəhəng platforma Azərbaycan və Yaponiya arasında texnoloji və mədəni əlaqələr üçün unikal bir körpü rolunu oynayacaq.

Tədbir iki ölkənin iqtisadi-mədəni bağlarında yeni bir səhifə açır. Sözügedən təşəbbüs ticarət əlaqələrini canlandırmaqla yanaşı, müasir texnologiyaların transferi və ortaq innovativ layihələr üçün geniş imkanlar vəd edir.

İnnovasiyadan “wellness”ə...

Sərgi çərçivəsində təqdim olunacaq məhsul çeşidi də kifayət qədər zəngin olacaq. Buraya yüksək texnologiyalı sənaye avadanlıqları, innovativ aqrotexnologiyalar və son nəsil tibbi cihazlarla yanaşı, estetik, “wellness” və incəsənət sahəsindəki ən yeni yanaşmalar da daxildir.

Sahibkarlar üçün birbaşa çıxış imkanı

Azərbaycan Françayzinq Assosiasiyasının məlumatına əsasən, tədbirin əsas hədəfi yerli biznes subyektləri ilə yapon istehsalçıları arasında birbaşa əlaqələrin qurulmasıdır. B2B formatlı görüşlər vasitəsilə sahibkarlar distribütorluq, investisiya və strateji tərəfdaşlıq imkanlarını müzakirə etmək üçün nadir fürsət qazanacaqlar. Bu, sadəcə bir sərgi deyil, ticarət əlaqələrini canlandıran və ortaq innovativ layihələrə zəmin yaradan bir işgüzar mərkəz olacaq.

İşgüzar mühitdə mədəniyyət ruhu

Tədbirə qatılanları Yaponiya mədəniyyətinin sehrli dünyasına səyahət də gözləyir. Xüsusi proqram çərçivəsində yapon dizayn estetikası, "lifestyle" məhsulları və həm ənənəvi, həm də müasir mədəniyyət nümunələri nümayiş olunacaq. Beləliklə, iştirakçılar texnoloji yeniliklərlə tanış olarkən, həm də Yaponiyanın zəngin mədəni irsini də hiss edəcəklər.

Faiq KƏRİMOĞLU

Seçilən
6
vergiler.az

1Mənbələr